Ermənistan olmayacaq, Paşinyan isə…” – “Ərdoğanın nə etdiyini görürəm”
Hər zaman qatı imperiyaçı, ermənipərəst və təxribatçı mövqeyi ilə seçilmiş rusiyalı politoloq Yevgeni Satanovski Ermənistanın gələcəyinin qaranlıq olduğunu bildirib və buna görə həm Nikol Paşinyanı, həm də onu dəstəkləyən erməni xalqını günahlandırıb.
Ermənistan mətbuatına açıqlama verən Satanovski Paşinyanı Qərbin sifarişi ilə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığını və bu fəaliyyətin Ermənistanın sonunu gətirəcəyini iddia edib.
Satanovski deyib ki, Ermənistanın KTMT-dən çıxacağı heç bir şübhə doğurmur: “Mənim fikrimcə, Ermənistanın KTMT-dən çıxması qaçılmazdır, lakin mən bunu heç bir şəkildə qiymətləndirmirəm. Çünki bu, artıq heç bir rol oynamır. Bu, o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq… Bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin işidir. Sonra isə bu, erməni xalqının məsələsi olacaq. Paşinyan hakimiyyətə ona görə gəldi ki, Rusiyanı Ermənistandan çıxarsın və Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi, ümumiyyətlə, Ermənistanın olub-olmayacağı onun üçün qətiyyən maraqlı deyil”.
Satanovski həmişəki anti-Türkiyə mövqeyini də davam etdirib. Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altında olduğunu və bu gedişlə Türkiyənin bir vilayətinə çevriləcəyini proqnozlaşdırıb: “Hesab edirəm ki, Ermənistan qalmayacaq. Mən Ərdoğanı yaxşı tanıyıram, nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm. Bunu necə görməyəsən, başa düşməyəsən, bundan xəbərsiz olasan?
Əgər işlər belə davam edərsə, o zaman Türkiyə sərhədinin o tayındakı ermənilərin başına gələn eyni şey Türkiyə sərhədinin bu tərəfindəki ermənilərin də başına gələcək. Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır…”
Xatırladaq ki, Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitinə qatılmaqdan imtina edib. Bu, növbəti dəfə Kremli və onun qulluğunda duran Satanovski kimi politoloqları və təbliğatçıları hiddətləndirib. Ona görə də həmişəki kimi Ermənistanı Türkiyənin guya bu ölkəni işğal planlarının olması ilə qorxudurlar… /azpolitika.info”