Prezident İlham Əliyev: “Yerevan azərbaycanlıların Ermənistana qayıtmaq hüququnu inkar edir”
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etdikdən sonra sülh gündəliyi üçün yaxşı imkanlar yaranıb.
Dövlət başçısı deyib ki, 44 günlük müharibədən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib.
Hazırda Azərbaycan birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqram təqdim edib. Lakin Yerevan azərbaycanlıların Ermənistana geri qayıdışı hüququnu inkar edir və bununla əlaqədar olaraq hər hansı baxış ortaya qoymayıb.
Görüş zamanı qeyd olunub ki, ATƏT-in Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması üçün səmərəli platforma ola bilər.