Azərbaycan-Ermənistan danışıqlarında nələr mübahisə yaradır?
Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 30-da Milli Assambleyada 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycanla sülh planından bəhs edib. O deyib ki, Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülhün üç əsas prinsipi razılaşdırılıb: “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 600 kvadrat kilometr olduğunu başa düşməklə”.
Ermənistan baş naziri əlavə edib ki, ikinci prinsipə görə, Almatı bəyannaməsi (1991) dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır: “Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir”.
O vurğulayıb ki, tərəflər bu razılaşdırılmış prinsiplərə sadiqliyi qoruyub saxlasalar, sülh sazişinin imzalanması reallaşacaq.
Elə həmin gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da AZƏRTAC-a bildirib ki, ölkəsi sülh müqaviləsinin imzalanmasında israrlıdır və təklifləri qüvvədədir: “Bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bugünə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə Turana deyib ki, Paşinyanın açıqlaması natamamdır və birtərəflidir: “Çünki bir müddət bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın bənzər açıqlamasına verdiyi cavabdan belə bir nəticəyə gəlmək olar ki, məsələ heç də Paşinyanın dediyi kimi deyil. Yəni, onun səsləndirdiyi üç məsələnin ən azından ikisi Azərbaycanla razılaşdırılmayıb. Bunlar sərhədlərin delimitasiya, demarkasiya məsələsi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi rəqəmlərdir”.
Deputatın sözlərinə görə, Paşinyanın açıqlamasında Azərbaycan və Ermənistan əraziləri ilə bağlı rəqəmlər 1977-ci ilin Sovet Ensiklopediyasına istinadən səsləndirilir: “Bu, doğru yanaşma deyil. Heç bir ölkənin ərazisi nə vaxtsa tərtib olunmuş ensiklopediyadakı rəqəmlərlə müəyyənləşdirilmir. Bundan əvvəl də o, 1975-ci ilin xəritəsindən danışırdı. Amma məlumdur ki, 1975-ci ildə, ümumiyyətlə, SSRİ-nin hərbi topoqrafiya və kartoqrafiyasında belə bir xəritə yoxdur. Belə olan halda bunun Azərbaycanla razılaşdırılması mümkün deyil”.
Babaoğlunun vurğulamasına görə, kommunikasiyaların açılması məsələsi də sual altındadır: “Çünki oktyabrın 30-da prezident İlham Əliyev İran üzərindən Naxçıvana yeni yolun inşası ilə bağlı sərəncam imzalayıb”.
Siyasi şərhçi Nəsimi Məmmədli bir qədər fərqli düşünür. “Bu, tərəflərin bir-birinin ərazi bütövlüyünün tanıması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin kommunikasiyaların açılması ilə bağlı məsələlərdir. Bu üç prinsip ətrafında ümumi razılıq var, amma bunun detalları ilə bağlı fikir ayrılığı var”, – o, AzadlıqRadiosuna bildirib. Onun deməsinə görə, indi əsas mübahisə anklavlarla bağlıdır.
Məmmədlinin fikrincə, Azərbaycan hazırda nə Rusiya, nə də Brüssel formatı ilə danışıqlar prosesinin aparılmasında maraqlı görünür: “Çünki hər iki tərəfinin bölgədə özünəməxsus geosiyasi maraqları var və bu maraqlar bəzi hallarda Azərbaycanın maraqları ilə toqquşur. Ona görə də Gürcüstan vasitəsilə bunu etmək daha məqsədəuyğundur”.
Politoloq ilin sonuna kimi sülh müqaviləsinin bağlanmasının mümkün olacağını düşünmür.(Turan)