Paşinyan Kremlin hədəfində – “Hakimiyyət dəyişikliyi olmadan…”
“Rusiya ilə Ermənistan arasında münasibətlərin korlanması bir gecədə baş verməyib. Proses bir neçə ildir gedir və bu, birbaşa Nikol Paşinyanın siyasəti ilə bağlıdır, bunu son hadisələr də sübut edir”.
Bunu rusiyalı politoloq Yevgeni Krutikov deyib.
“Moskva ilə İrəvan arasında münasibətlərin pisləşdiyini sübut edən bir hadisə də baş verdi. Ermənistan Moskvaya yeni səfirin namizədliyini irəli sürüb. Qəbul edən tərəf həmişə namizədi təsdiqləməlidir, amma Moskva Qurgen Arsenyanı qəbul etmədi. Çünki Arsenyan Paşinyana yaxın adamdır və rusofob açıqlamaları ilə seçilir”, – ekspert bildirib.
Krutikov vurğulayıb ki, bu, Rusiya-Ermənistan münasibətləri tarixndə ilk diplomatik qalmaqaldır. Onun fikrincə, iki ölkə arasındakı gərginlik 44 günlük Qarabağ müharibəsindən sonra pik həddə çatıb.
Ekspert əlavə edib ki, münasibətlərin sabitləşməsi məsələsi Paşinyan və ətrafının siyasəti ilə mürəkkəbləşib:
“Ermənistan açıq şəkildə Rusiya ilə tarixi münasibətlərin dəyişdiyini və yenidən Avropa Birliyinə istiqamətləndiyini bəyan edir. Çox güman ki, Paşinyan və partiyası uzun müddətdir bu barədə xəyal qurub”.
Krutikov onu da deyib ki, bu məqsədlə Ermənistan daim Rusiyanı Qarabağa görə fəaliyyətsizlikdə ittiham edir:
“Başqa sözlə, perspektivləri qiymətləndirmək çətindir. Sadəcə qeyd etmək lazımdır ki, siyasi kurs və rəhbərlik dəyişmədən Rusiya ilə münasibətlərdə heç bir irəliləyiş olmayacaq. Amma hələlik Ermənistanla Rusiya arasında münasibətlər diplomatik müharibə və səs-küylü bəyanatlar çərçivəsindədir”.