Qəzzaya quru hücumu niyə gecikir? – İsrailin Baş Qərargah rəisi açıqladı
“HƏMAS terror qruplaşması İsrailə qarşı müharibəyə başlamasından peşmandır”.
Bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.
“İsrail HƏMAS terror qruplaşmasının başlatdığı müharibənin ortasındadır. O, artıq peşmandır”, – general bildirib.
Baş Qərargah rəisi Qəzzada mümkün quru əməliyyatları ilə bağlı qeyd edib:
“Bunun üçün hazırlamışıq. İsrail Müdafiə Qüvvələri və Cənub Komandanlığı müharibənin məqsədlərinə çatmaq üçün keyfiyyətli hücum planları hazırlayıb.
Müdafiə Qüvvələri yerdə manevrə hazırdır və biz növbəti mərhələnin forması və vaxtı ilə bağlı siyasi eşelonla qərar verəcəyik”.
Onun sözlərinə görə, quru hücumunu gecikdirən taktiki-strateji məsələlər var, amma bu, İsrail Müdafiə Qüvvələrinə yaxşı hazırlaşmağa imkan verir:
“Daha hazırlıqlı olmaq üçün hər dəqiqədən istifadə edirik. Keçən hər dəqiqə düşmənə daha çox zərbə vururuq. Terrorçuların öldürülməsi, infrastrukturun məhv edilməsi, növbəti mərhələ üçün daha çox kəşfiyyat məlumatlarının toplanması…”.
Halevi vurğulayıb ki, İsraili hər vasitə ilə müdafiə edəcəklər:
“Baş verənlər (HƏMAS-ın hücumu) dövlət yaranandan bəri görünməmiş hadisədir. Bu, təhlükəsizlik sahəsində əsaslı dəyişiklik tələb edəcək.
Bu müharibənin bir ünvanı var: HƏMAS rəhbərliyi və onun komandanlığı altında hərəkət edən hər kəs. Etdiklərinin bədələni ödəyəcəklər”.
General söyləyib ki, HƏMAS-ın qəddarlığına və barbarlığına heç kim şübhə etməməlidir:
“İsrail Müdafiə Qüvvələri HƏMAS-la vuruşur, Qəzza əhalisi ilə döyüşmür. İsrail ordusu Qəzza sakinlərinin bu müharibədən mümkün qədər az zərər görməsini istəyir. Buna görə də İsrail sakinləri qida, su və dərman tapacaqları təhlükəsiz ərazilərə köçməyə çağırır.
Qəzzənin hər bir sakini öz həyatları naminə məsul qərar qəbul etməlidir.
Mülki əhalinin yanacağa ehtiyac duyduğu yerdə İsrail bunu təmin edəcək.
Biz HƏMAS-ın İsraillə mübarizəsini davam etdirə biləcəyi yanacağa icazə verməyəcəyik”.