Səkkiz ölkə hücum mövqeyində – İsrail-HƏMAS savaşı genişlənir
“Yaxın Şərqin böyük savaşa cəlb olunması ağır qlobal iqtisadi fəsadlar törədə bilər”.
Bunu politoloq Ərəstun Oruclu deyib.
“ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasdan və faktiki regionun digər ölkələrinin liderlərindən birbaşa eşidib ki, fələstinlilərin Qəzzadan Sina yarımadasına köçürülməsinin əleyhinədir, Bayden administrasiyası da bunu dəstəkləmir.
Blinkenin bu bəyanatından ən azı üç birbaşa və dolayı nəticə çıxarmaq olar. Birincisi, İsrailin HƏMAS-a qarşı keçirilən əməliyyatdan zərər çəkməmələri üçün Qəzza sakinlərinə zolağın şimalını boşaltmaq çağırışı faktiki deportasiya cəhdidir. İkincisi, bölgə ölkələri liderləri birmənalı olaraq bunun əleyhinə olduqlarından belə cəhdlər münaqişə coğrafiyasının genişlənməsinə gətirib çıxara bilər. Üçüncüsü, bölgə ölkələri buna qarşı olmasaydı, ABŞ administrasiyası da etiraz etməzdi. Söhbət ən azı 1 milyon fələstinlidən gedir. Qəzza Səhiyyə Nazirliyinin verdiyi son məlumata görə, İsrail bombardmanları nəticəsində 724 nəfəri uşaq olmaqla 2 670 insan həlak olub, 9 600 nəfər isə yaralanıb. Bombardmanlar nəticəsində baş vermiş böyük dağıntılar, həmçinin Qəzzanın blokadaya alınması səbəbindən bölgədə humanitar fəlakət baş verir.
HƏMAS-ın terror hücumu nəticəsində öldürülmüş israillilərin 289 nəfəri hərbçi olmaqla cəmi sayının 1 300-nəfəri keçdiyi, yaralananların isə 3 227 nəfər olduğu bildirilir. Bu, İsrail tarixində baş vermiş müharibələr də daxil olmaqla ölkənin bir gün ərzində ən böyük itkisidir. Baş verənlər təkcə israillilərlə fələstinlilər arasında nifrəti və qisasçılığı dərinləşdirmir, həmçinin Yaxın Şərqdə baş verə biləcək böyük müharibəyə zəmin yaradır. Hələ ki, az da olsa, müqavimət göstərən HƏMAS-la və Qəzzada bombardmanları davam etdirən İsraillə yanaşı, bölgədəki və regiondankənar bəzi güclərin davranışı onların böyük müharibə marağında olduqlarını deməyə əsas verir”.
Bəs belə müharibə Yaxın Şərq və dünya üçün hansı nəticələri verə bilər?
Ərəstun Oruclu hesab edir ki, müharibə başlayacağı halda bu, ilk növbədə regionun ən azı 4-5 (İsrail, Fələstin, Livan, Suriya, İordaniya) ölkəsinin ona cəlb olunması və böyük ordu birləşmələrinin cəlb olunduğu ağır hərbi əməliyyatların başlanğıcı olardı:
“Digər yandan, İsrailin Qəzzadakı fələstinliləri Sina yarımadasına köçürmək cəhdi Misir, “Hizbullah” və Suriyanın, eləcə də İranın savaşa qoşulmasına gətirib çıxara bilər, bu da Yaxın Şərqdə zəncirvari reaksiya yaradacaq. Bu isə ABŞ, Rusiya və Çin kimi böyük güclərin (birbaşa və ya dolayısı ilə) savaşa qatılması demək olardı. Bu halda da bəşəriyyət yeni dünya müharibəsi təhlükəsi ilə və onun törətdiyi ağır nəticələrlə üz-üzə qala bilər. İstisna deyil ki, HƏMAS-ın İsrailə qarşı terror aktının müəlliflərinin hədəflədiklərindən biri də belə bir ssenari olub. Amma burada da iki başqa sual meydana çıxır: niyə Yaxın Şərq və belə bir savaş böyük güclərə nə qazandıracaq?
Bu suallara cavab tapmaq üçün “qlobal müharibə doktrinası”na nəzər salmalı olacağıq. Əvvəla, böyük güclərin iştirakı olmadığı halda qlobal müharibədən danışmaq yersizdir. İkincisi, böyük güclərin təhrik etdiyi savaşlarda onların (tək onların yox) əsas məqsədlərindən biri hərbi əməliyyatlar teatrını öz sərhədlərindən maksimal dərəcədə uzaqlaşdırmaqdan ibarətdir. Nəhayət, öz sərhədlərindən uzaqlarda olan savaşlarda iştirak qlobal güclərə daha az itkilərlə öz rolunu və təsir gücünü təsdiq etməyə imkan verir. Gördüyümüz kimi, Yaxın Şərqdə baş verənlər kontekstində göstərilən bütün şərtlər və üstəlik də regionun çoxsaylı real və potensial münaqişə ocaqları ilə zəngin olması baxımından tam mövcuddur:
Rusiya diqqəti Ukraynaya qarşı həyata keçirdiyi təcavüzdən yayındırmaqda, Çin münaqişə ocağını Tayvan və Uzaq Şərq-Sakit okean hövzəsindən, ABŞ-la Avropa isə qaçılması mümkün olmayan qlobal savaş təhlükəsini Avroatlantik məkandan uzaqlaşdırmaqda maraqlıdır. Mümkün qlobal savaş iştirakçılarının maraqları da elə bu şərtlər çərçivəsində artıq qismən təmin olunur”.
Ekspertin sözlərinə görə, burada risklər də var ki, onlardan heç bir savaş iştirakçısı sığortalana bilməz:
“Birinci, dünya gücü olan ölkələrin bölgədəki müttəfiqlərinin belə savaşda məğlubiyyəti elə onların öz məğlubiyyəti demək olardı. İkinci, bu halda məğlub olan tərəfin vəziyyətdən çıxmaq üçün savaşa birbaşa qoşulması onun (savaşın) coğrafiyasının daha da genişlənməsinə gətirib çıxara bilər. Üçüncü, dünyada hasil edilən neftin təxminən 1/3 hissəsinin Yaxın Şərqin payına düşdüyünü nəzərə aldıqda, regionun böyük savaşa cəlb olunması ağır qlobal iqtisadi fəsadlar törədə bilər. Dördüncü, Yaxın Şərqdə baş verə biləcək böyük savaş dünyanı yeni radikal təhdidlərlə, uzunmüddətli sivilizasiyalararası qarşıdurmalarla və ağır humanitar fəlakətlə üz-üzə qoya bilər.
Bütün sadalananlar da hələ baş verə biləcək qlobal fəlakətin yaxın vadəli mümkün fəsadlarıdır. Odur ki, mümkün fəlakətin məsuliyyətini anlayan ölkələr və siyasətçilər bundan qaçmağa çalışdıqları kimi, öz ucuz eqosu və cılız siyasi iddiaları naminə dünyanı dağıdıcı savaşa çəkməyə hazır olanlar da var. Böyük müharibədən qaçmaq isə bəzən zamanında atılmış kiçik addımlarla təmin edilə bilər”./teleqraf.com