Razılıq əldə olundu, İsraildə milli birlik hökuməti yaradıldı
İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri, müxalifətin nümayəndəsi Benni Qantz HƏMAS-la müharibə zamanı milli birlik hökuməti yaratmaq barədə razılığa gəliblər.
Onlar bu gün üç saatlıq görüşdən sonra məlumat veriblər.
Tərəflər baş nazir, müdafiə naziri Yoav Qallant və Benni Qantzın daxil olacağı dar hərbi kabinet yaratmaq barədə razılığa gəliblər.
Strateji işlər naziri, İsrailin Vaşinqtondakı keçmiş səfiri Ron Dermer də kabinetdə müşahidəçi qismində iştirak edəcək.
Birgə bəyanatda deyilir ki, müxalifət lideri Yair Lapid hökumətə qoşula və dar kabinetə üzv ola bilər.
Razılığa əsasən, Fövqəladə Hallar Hökuməti müharibənin idarə edilməsi çərçivəsindən kənar heç bir qanun və ya qayda qəbul etməyəcək. Həmçinin qərara alınıb ki, dövlət qurumlarının bütün rəhbər işçilərinin səlahiyyət müddəti avtomatik olaraq davam etdirilsin. Bu, səlahiyyət müddəti tezliklə başa çatan İsrail bankının qubernatoruna da aiddir.