Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması və istifadəsi Qaydaları təsdiqlənib
Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib.
Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu
həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.
Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.
Daşınma müqaviləsi, digər qanuni əsaslarla haqq müqabilində və ya özünə məxsus yüklərin daşınmasını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən yüklərin əhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı daşınması zamanı elektron yol vərəqi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində Azərbaycan dilində hazırlanır.
Yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən elektron yol vərəqi tərtib edilir.
Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.
Elektron yol vərəqinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır.