Mənzilini kirayə verənlər niyə müqavilədən yayınırlar?

 

“Bir çox hallarda mənzil kirayə götürənlə kirayə verən arasında müqavilə imzalanmır. Bununla da tərəflər vergidən yayınırlar. Halbuki, həm ev sahibi, həm də ortada vasitəçilik edən makler əldə etdikləri gəlir müqabilində dövlətə vergi ödəməlidirlər. Bunu etməmək üçün ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər”. 

Bu sözləri açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əgər tərəflər arasında müqavilə bağlanarsa, o zaman həm makler, həm də mülkiyyət sahibi, sahibkar öz fəaliyyətini hüquqi müstəviyə daşıyacaq:

“Beləliklə, onların gəlirləri barədə məlumat əldə olunur və bundan da vergi tutulur. Ancaq müqavilə olmadığı üçün gələcəkdə çox ciddi problemlər yarana bilər. Bəzi hallarda makler tərəfləri aldadır. Yaxud, kirayəçinin əslində evin öz sahibi olmadığı ortaya çıxır.

Buna görə də, kirayə götürmək istəyən şəxs ilk növbədə evin sənədlərinə baxmalı və birbaşa evin sahibi ilə görüşməli, onunla müqavilə bağlamalıdır. Əgər başqa bir şəxs evin sahibini əvəz edirsə, o zaman mütləq onun adına etibarnamə verilməlidir. Ona görə ki, başqa bir şəxsin kiminsə evini kirayə vermək hüququ yoxdur.

Digər tərəfdən, əgər hər şey hüquqi cəhətdən həll olunursa və müqavilə bağlanırsa, o zaman onların vəzifə və öhdəlikləri də əks olunmalıdır. Rəsmi müqavilə olarsa, gələcəkdə tərəflər aralarında hansısa problem yarandığı halda onların şikayət etmək, mübahisəni məhkəmə səviyyəsində həll etmək hüququ da yaranır. Amma tərəflər qeyri-rəsmi razılaşma əldə ediblərsə, bu hüquq olmur”.

Müsahibimiz vurğulayıb ki, bu kimi problemlərin aradan qalxması üçün əhalinin iqtisadi və hüquqi maariflənməsinə ehtiyac var:

“Evini kirayə verən şəxs başa düşməlidir ki, sənədsiz və hüququ əsas olmadan belə addım atmaq ona baha başa gələ bilər. Belə ki, kirayənişin evinə zərər vura və ya digər məqsədlər üçün istifadə edə bilər. Hətta mənzilində hansısa cinayət hadisəsi baş verə bilər”.

Problemin inzibati cəhətdən də həlli olduğunu söyləyən müsahibimiz, bunun uzunmüdddətli məsələ olduğunu diqqətə çatdırıb:

“Əslində bunun yoxlamasını müvafiq dövlət qurumları həyata keçirməlidir. Əgər ev şəxsə kirayə müqaviləsi olmadan verilirsə, ev sahibi cərimə olunmalıdır. Vətəndaşlar da bunu anlamalı və gələcəkdə problemin olmaması üçün bütün razılaşmalar sənəddə əksini tapmalıdır.

Beynəlxalq təcrübədə bu cür nümunə var. Belə ki, vətəndaş öz mənzilini kirayə verən zaman müqavilədə əşyaları qeyd edir, hətta təzminatla bağlı məbləğ müəyyən olunur. Əgər kirayə qalan şəxs evdən çıxan zaman əşyalara və ya mənzilə zərər vurarsa, bu, həmin məbləğdən çıxılır. Məhz bu istiqamətdə müəyyən təkmilləşdirmələrin aparılmasına ciddi ehtiyac var. Tərəflər üçün ən doğru yol, vergini vermək və müqaviləni qanuni şəkildə bağlamaqdır”.

Kirayə müqaviləsində nəzərdə tutulan verginin 14 faiz həcmində olduğunu söyləyən ekspert hesab edir ki, müvafiq dövlət qurumları bunu bir qədər azalda bilərlər:

“Əslində, bu həcm elə də böyük məbləğ hesab edilmir. Ona görə ki, mənzili kirayə vermək də sahibkarlıq fəaliyyəti hesab olunur. Mövcud qanunvericiliyə əsasən, sahibkarıqla məşğul olan istənilən şəxs dövlətə vergi verməlidir”.

V.Oruc onu da vurğulayıb ki, müqavilə olmadığı üçün bəzi hallarda ev sahibi kirayədə qalan şəxsi ya səbəbsiz evdən çıxarır, ya da evin qiymətini artırır:

“Yaxud da ayın sonuna yaxın kirayənişin növbəti ayın pulunu ödəmədən və xəbərdarlıq etmədən evi tərk edir. Belə hallarla bağlı bizə də müraciətlər edilir. Biz onları polis orqanlarına yönəldirik. Bu zaman araşdırma aparılır, müvafiq şahidlər dinlənilir və ona uyğun qərarlar verilir. Ancaq müqavilə olarsa, araşdırma aparmaq daha rahatdır, çünki, sənəddə hər şey əks olunub. Müqavilə müddətində ev sahibi səbəbsiz yerə şəxsi evdən çıxara, yaxud kirayəhaqqını artıra bilməz. Deməli, müqavilə hər iki tərəf üçün uğurlu variantdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password