İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşü Türkiyə mətbuatında


Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü və iki dövlət arasında müqavilələrin imzalanması qardaş ölkənin mətbuatında geniş işıqlandırılıb.

Türkiyənin “Anadolu”, “İhlas”, “Cihan”, “Demirören” (DHA), “SonDakika” xəbər agentlikləri, “TRT”, “CNN-Türk”, NTV, “HaberTürk”, “A Haber” telekanalları, “Sabah” qəzetinin elektron variantı və digər mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə əhəmiyyətli məsələləri müzakirə etdiklərini yazırlar.

Materiallarda qeyd olunur ki, Azərbaycan 5 gün əvvəl suverenliyini tam bərpa edərək erməni separatçılarını tərksilah etdi və bu işdə Türkiyə qardaş dövlətə böyük dəstək verdi. İki ölkəninin enerji, nəqliyyat, tranzit sahələrindəki əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə dair imzalanan müqavilələr qarşılıqlı faydalı olmaqla yanaşı, həm də regionda sülhen və sabitliyin davamlı olmasına xidmət edəcək.

Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyev xarici siyasət kursunda Türkiyəni prioritet istiqamət hesab edir və qardaş ölkə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə daha yaxın əməkdaşlıq əlaqələri yaratmağa çalışır.

Bildirilib ki, Prezident R.T.Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini yüksək qiymətləndirib və Ermənistandan ona tərəf uzanan barış əlini tutmasını gözlədiyini vurğulayıb.

Türk mediasi onu da qeyd edib ki, Azərbaycan ilə Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Azərbaycanda hasil olunan təbii qaz Trans Anadolu (TANAP) qaz kəməri ilə Türkiyə üzərindən Avropaya nəql edilir. Bununla yanaşı, hər iki dövlət Naxçıvanın təbii şəraitindən də faydalanaraq burada alternativ enerji istehsalına başlayacaqlar. Naxçıvanda günəş və küləkdən alınan enerji Türkiyə üzərindən Avropaya satılacaq.

Türkiyə Azərbaycandan ayrı düşən Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin edilməsində də rol oynayacaq. Naxçıvanda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri bu regionun insanlarının rifahının yaxşılaşmasına və iqtisadiyyatının inkişafına böyük təkan verəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password