Azərbaycan neftindən fantastik sıçrayış – Mütəxəssis şərh verə bilmədi

 

Səudiyyə Ərəbistanı neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaltmaq qərarını il sonuna qədər uzatdı. Eyni zamanda, Rusiya da il sonuna qədər dünya bazarlarına neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaltmağa davam edəcəyini açıqladı.

Hər iki qərar son zamanlar neftin dünya bazar qiymətini kəskin artırıb.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,64 ABŞ dolları, yaxud 0,63 faiz artaraq 102,25 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 93,39 ABŞ dollarına satılıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qiymət artımına təkan verən amilləri şərh edib.

O bildirib ki, neftin dünya bazar qiymətinin artması OPEC+ ölkələrinin maraqlarına uyğundur: “Ancaq “Azeri Light” markalı neftin 1 barelinin 102, “Brent” markalı neftin isə 95 dollar olması anormal haldır. “Brent” markalı neft terminalda, “Azeri Light” isə alıcının qapısında satır. Daşıma xərcləri 1 bareldə 7 dollara qədər ola bilməz. Açıqlama da verilmir ki, bu, fraktın, sığortanın, yükləmənin qiymətlərinin artması ilə əlaqəlidir, ya yox. Əvvəllər daşıma xərcləri 2 dollar civarında olurdu. Dünya bazarında “Brent” markalı neftin qiyməti 95 dollar ətrafındadır. Yəni “Azeri Light” daşıma xərci bu qədər artıb? Buna şərh verə bilmirəm”.

Azərbaycanın qazancı…

İlham Şaban deyir ki, göstərilən yüksək neft qiymətinin tamamının dövlət büdcəsinə daxil olması praktikası yoxdur: “Dövlət Neft Fonduna gələn vəsait “Brent” markalı neftlə eyni qiymətdə, yaxud da bundan aşağı olur. Ona görə də 102 dolları bir kənara qoyub, baza kimi 95 dolları götürmək məntiqlidir.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Burada 50 faizdən artıq bir mənfəətdən söhbət gedir. Başqa sözlə, ölkəyə daha çox valyuta gəlir. Ayrı ölkələr kimi, Azərbaycanda da neftdən gələn gəlir ancaq büdcəyə getmir. Büdcəyə vergilər şəklində çatan hər 10 dollar üçün ortalama 1.3-1.4 milyard manat daha çox gəlir vəsait daxil olur. Büdcəyə gedən vəsaitdən təqribən 10 dəfə çox əsas hissə isə Neft Fondunda toplanır. Buradan da hansısa layihələrə, müstəqil olaraq bildiyi sahələrə yönəldilə bilir”.

 

Analitik neftin qiymətinin son günlər yüksələn templə artmasının səbəblərindən də danışıb: “Neft qiymətlərinin 90 dollar həddini aşması dünya bazarlarının əsas oyunçuları – Səudiyyə və Rusiyanın həm kvotlar çərçivəsində, həm də könüllü hasilatı azaltması nəticəsində baş verib. Bazara gündəlik 1.3 milyon barel az neft çıxarılır. Hər iki dövlət hasilat azaldımasına il sonuna qədər riayət edəcəklər. Təklifin artdığı bir zamanda bazara daha az neft həcmləri çıxarılır. Nəticə etibarilə qiymət artmalıdır. Ancaq bu, kiçik bir zamana hesablanmış bir şeydir.

OPEC+ dövlətləri arasında neft hasilatında liderlik edən iki ölkənin bu qərarı heç də neftin qiymətlərinin yüksək olması məqsədi daşımır. Əsas məqsəd hər iki ölkənin digər dövlətləri öz arxasınca aparmaqdan ibarətdir”.

İlham Şabanın qənaətincə, neftin qiymətinin kəskin artması “yaşıl enerji”yə keçidi stimullaşdırır: “İnkişaf etmiş, varlı, o cümlədən böyük istehlakçı ölkələr 2021-ci ildən sonra siyasətlərində ənənəvi enerji daşıyıcılarının işlənməsi üçün maliyyə resurslarına girişi şirkətlər üçün çətinləşdiriblər. İndi “yaşıl enerji” ilə ənənəvi enerji mübarizə fazasına daxil olur.

Neftin dünya bazar qiymətinin kəskin artması “yaşıl enerji”yə yaşıl işıq yandırır. Çünki ənənəvi enerji bahalı olanda istehlakçılar alternativ enerjiyə üz tuturlar. Ötən ildən başlayaraq dünya bazarında enerji daşıyıcılarının qiyməti çox yüksək oldu. Ona görə də ötən ildən “yaşıl enerji”yə kapital xərcləri ənənəvi enerjini üstələyib. Proses bu il də davam edir. Düşünürəm ki, ənənəvi enerjinin baha olması Qərbin maraqlarına cavab verir. Çünki istər dövlətlər, istərsə də şirkətlər tərəfindən “yaşıl enerji” texnologiyalarına kapital qoyuluşu azdır. Bunun nəticəsində onun maya dəyəri azalır və bir qədər sonra qlobal bazarda böyük istehlakçı kütləsi üçün daha əlçatan və onların meyl etdiyi bir sahə olacaq.

Eloktromobillər də bu tendensiya oldu. Yüksək qiymətlə satışa çıxan avtomobillərin dəyəri ildən-ilə azalır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password