İrandan Türkiyəyə qəbuledilməz təklif – Abdullahiyan açıqladı
\Türkiyə və Suriya arasında vasitəçilik iddiasına olan Tehran Ankaranın qəbul edə bilməyəcəyi təklif irəli sürüb.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankara və Dəməşqə əlaqələrin normallaşdırılması ilə bağlı planı təklif etdiklərini açıqlayıb.
İranlı nazir bildirib ki, ilk növbədə Dəməşqin tələbi ilə türk hərbçilərinin Suriyanın şimalından çıxarılmasını təklif ediblər. Onun sözlərinə görə, bunun müqabilində Türkiyəyə qarşı terror təhlükəsinin qarşısını almaq üçün Suriyanın şimal sərhədlərində qoşun yerləşdirmək təklifini veriblər.
Abdullahiyan İran və Rusiyanın da bu planın təminatçısı olacağını iddia edib. Türkiyə və Suriyanın bu təklifə necə cavab verdiyi açıqlanmayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov da ötən ay Adana razılaşmasını gündəmə gətirmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl terror təhlükəsi tam aradan qalxana qədər Suriyada antiterror əməliyyatlarının davam edəcəyini və qüvvələrin orada qalacağını bildirmişdi. Türkiyə lideri Suriya başçısı Bəşər Əsədin müvafiq açıqlamasına da etirazını çatdırmışdı.