“Azərbaycan öz humanist addımını atdı, növbə erməni himayəçilərinindir” – Politoloq
Azərbaycanın erməni sakinlərinin yaşadığı Xankəndiyə gedən Ağdam və Laçın yollarının açıldığı, müxtəlif yüklərin bu əraziyə sərbəst daşındığı bir vaxtda ABŞ-da ölkəmizə qarşı aparılan çirkin kampaniya başadüşülən deyil. Belə anlaşılır ki, ABŞ-da müəyyən dairələri, o cümlədən, erməni lobbisini Xankəndi ermənilərin durumlarının yaxşılaşdırılması deyil, “Azərbaycanı necə gözdən salmaq olar” məsələsi maraqlandırır. Yaxud da onlar Cənubi Qafqazı dinc, sabit məkan kimi deyil, müxtəlif güclərin toqquşduğu, daim siyasi, hərbi gərginlik içərisində olan bir ərazi kimi görmək istəyirlər.
Bunu açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Amerika Azərbaycanı Ukrayna, Gürcüstan kimi parçalanmış, ərazisi işğal olunmuş, Rusiya ilə gərgin, müharibə vəziyyətə olan bir ölkə kimi görmək istəyir. Ölkələrin xarabalıqları, xalqların bədbəxtliyi üzərində xoşbəxtlik tapmaq istəyən ABŞ insanların qanı üzərindən siyasət yürütməkdə olduqca təcrübəlidir. Azərbaycanı öz oyunlarına alət etməyi bacarmayan ABŞ indi də qarayaxma kampaniyasına start verib. Tez-tez Qarabağ ermənilərinin durumunu gündəmə gətirməklə bölgədə gərgin vəziyyətin olduğunu və proseslərə müdaxilə etmək zərurəti görüntüsünü ortaya atırlar. Ermənistanda “Soros”un vasitəsilə hakimiyyətə gətirdikləri Paşinyan komandasının əli ilə ölkəmizə qarşı çirkin planlar həyata keçirilir. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qaldığı 30 ildə ABŞ hökuməti, mətbuatı, təşkilatları heç zaman ölkəmizə birmənalı dəstək verməyiblər. Erməni diasporunun maddi dəstəyi ilə karyera quran ABŞ-ın məmurları, konqresmenlər, senatorlar Azərbaycana qarşı kəskin mövqe sərgiləyiblər. Təəssüflər olsun ki, Rusiya ilə “soyuq müharibə” vəziyyətində olan ABŞ rus hərbçilərinin Xankəndidə qalmasına razıdır, amma həmin ərazilərin Azərbaycanın nəzarətində keçməsinə yox. Rusiyanı Ermənistanda ciddi şəkildə sıxışdıran Amerika Qarabağ ermənilərinin ruslardan asılılığına göz yumur. Bu cür riyakarlıq, ikiüzlülük ABŞ-ın dünyadakı nüfuzuna heç də müsbət təsir etmir. Bizim ABŞ-dan Qarabağ məsələsində birmənalı dəstək istəməyə haqqımız var. Ölkəmiz beynəlxalq anti-terror koalisiyasının bir üzvü kimi ABŞ, o cümlədən, NATO ilə sıx əməkdaşlıq edir. Biz İraq, Əfqanıstanda amerikalı əsgərlərlə çiyin-çiyinə vuruşmuşuq. Amma bu gün biz Vaşinqtondan nəyinki lazım olan dəstəyi görmürük, hətta ölkəmizə qarşı iyrənc kampaniyanın şahidi oluruq”.
Politoloq bildirdi ki, Ağdam-Xankəndi yolunun açılması Azərbaycan Prezidentinin gücünün, qətiyyətinin bariz nümunəsidir: “Azərbaycan dövləti sübut etdi ki, ölkə ərazisində istənilən vaxt hansısa yolu bağlaya, aça, sərhəddə keçid məntəqəsi qura bilər. Biz Ağdam-Xankəndi yolunu açmaqla Xankəndidəki “aclıq şousuna” və beynəlxalq aləmdə bunun ətrafında aparılan kampaniyaya son qoyduq. Daha bir qüvvə Azərbaycanı Qarabağ erməniləri blokadada saxlamaqda ittiham edə bilməz. Azərbaycan öz humanist addımını atdı, növbə ermənilərdə, onların havadarlarındadır. Azərbaycan bütün ölkələrin suverenliyini tanıyır, onların daxili işlərinə qarışmır. Biz eyni münasibəti qarşı tərəflərdən də gözləyirik. Maraqlıdır ki, ABŞ Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, oradakı separatizmi açıq şəkildə pisləyir. Azərbaycana gəlidkdə isə, Qarabağ separatçılarına yardımlar olunur, onlara müxtəlif formalarda siyasi və iqtisadi dəstək verilir. Azərbaycanın müxtəlif rayon və şəhjərlərində 30 minə yaxın erməni yaşayır. Bu günə qədər onlara erməni olduqları üçün hansısa formada təzyiq göstərilməyib. Qarabadakı bəzi ermənilər isə Azərbaycana qarşı radikal separat münasibətdədirlər. Biz imkan verə bilmərik ki, ölkə ərazisində “boz zona” yaradılsın. Faktiki olaraq Xankəndidə cinayətkarlığa, narkomaniyaya, silahlanmaya heç bir nəzarət olunmur. Separatçılar özləri özlərinə “nəzarət” edir. Hesab edirəm ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar həmin ərazilərin Azərbaycanın yuristikasına keçməsini təşviq etməli, bu məsələdə ölkəmizə dəstək verməlidirlər. Düşünürəm ki, Azərbaycan yaxın vaxtlarda Qarabağ ermənilərilə bağlı məsələni həll etməlidir. Bu hərbi, güc yolu ilə də ola bilər, siyasi, diplomatik yolla da. Ağdam-Xankəndi yolu ilə yalnız Rusiya Qızıl Xaç Komitəsinin yardım maşınlarını qəbul edən separatçılar inadla “Azərbaycan nömrəli maşınları Xankəndiyə buraxmayacağıq” deyirlər. Biz bu cür münasibətlə razılaşa, barışa bilmərik. Azərbaycan maşınları sərbəst şəkildə Xankəndiyə daxil olmalıdırlar. Rus sülhməramlıları, Azərbaycan hərbçisi, polisimiz bunu təmin etmək gücündədirlər. Nəhayət ki, bu proses başlanmalıdır”.