Türkdilli dövlətlərlə münasibətlərimizi “qazan-qazan” prinsipi əsasında qururuq – Ömər Bolat
Türkdilli dövlətlərlə münasibətlərimizi “qazan-qazan” prinsipi əsasında qururuq.
Bu barədə TurkicWorld-ə eksklüziv müsahibəsində Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.
Nazir qeyd edib ki, Türkiyə digər türkdilli dövlətlər ilə hər sahədə əlaqələri gündən-günə artırır. Münasibətlərimiz mahiyyətcə dostluq və qardaşlıq üzərində qurulub. Biz son 30 ildə siyasi sahədə əldə etdiyimiz sıx əməkdaşlığı, son 20 ildə iqtisadi və ticari əlaqələrimizdə əldə etdiyimiz irəliləyişlə gücləndirmişik. Biz istehsalın və ixracın şaxələndirilməsi üçün əməkdaşlıq edirik”,- deyə nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə region ölkələrinin azad bazar iqtisadiyyatına uyğunlaşması və transformasiya prosesində sosial dinamikanın zədələnməməsi üçün böyük səylər göstərib.
“Biz bilirik ki, kommersiya dinamikasının yalnız bir məhsula yönəldilməsi iqtisadi sabitliyə nail olmaq üçün əsas maneədir və region dövlətləri də bu vəziyyətdən xəbərdardır. Bizim sıx əməkdaşlığımız istehsalın və ixracın şaxələndirilməsi istiqamətində davam edir. Xüsusilə, qida emalı sektoruna qoyulan investisiyalar hesabına region əhalisinin ərzaq təminatına olan tələbatının ödənilməsinə önəm veririk”,- deyə Türkiyəli nazir bildirib.
Onun sözlərinə görə, turizm sektoru Türkiyənin hər zaman önəm verdiyi bir sektordur.
“Region ölkələrinin turizm potensialı yüksəkdir. Podratçılarımızın həyata keçirdiyi layihələr vasitəsilə region ölkələrinin infrastrukturuna verdiyimiz töhfələr turizm sektorunun səviyyəsinin yüksəlməsinə təkan verəcək. Bundan əlavə, region bərpa olunan enerji sahəsində yüksək potensiala malikdir. Bu sahəyə qoyulacaq sərmayələrlə təkcə ekoloji təmiz istehsal təmin edilməyəcək, həm də enerji istehsal kanallarının şaxələndirilməsi təmin ediləcək. Bu sahədə təcrübəli investorlarımız bölgədə hər cür ehtiyacları qarşılamaq üçün çalışırlar”, – deyə nazir vurğulayıb.
Türkiyədə olan azad iqtisadi zonalarda ixracyönümlü istehsal, ticarət və digər xidmət fəaliyyətlərinin həyata keçirildiyini qeyd edən Bolat bildirb ki, zonalarda dost və qardaş ölkə Azərbaycan investorları daxil olmaqla, digər ölkələrin investorlarına da güzəştlər tətbiq edilir.
“Azad iqtisadi zonalarda bütün yerli və xarici investorlarımıza, istehsalat fəaliyyətlərində korporativ vergi istisnası, istehsal olunan məhsulların 85%-i ixrac olunduğu təqdirdə isə işləyən işçilərə ödənilən əməkhaqqından gəlir vergisi tutulmasından azad edilməsi, daşınmaz əmlak vergisindən azadolma və vergi, möhür və rüsum azadlığı kimi imkanlar təklif edilir”,- deyə nazir qeyd edib.