Ermənilər Qarabağı tərk edir, ruslar isə mane olmurlar – Nə baş verir?
“Qarabağ ermənilərinin qarşısında bir sual dayanır: Qarabağda qalıb yaşamaq, yoxsa Qarabağı tərk etmək? Artıq hamıya bəllidir ki, üçüncü variant yoxdur”.
Bunu jurnalist, siyasi ekspert Asəf Quliyev deyib.
Ekspert Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Ermənistana üz tutmağa başladıqlarını bildirib:
“Hər gün informasiya məkanımızda belə xəbərlər yayılır: bu gün daha filan qədər erməni Qarabağı tərk etdi. İlk baxışda adi bir xəbərdir. Amma Qarabağda qalan ermənilərin sayını nəzərə alsaq, hər gün ermənilərin Qarabağı tərk etməsi onlar üçün həyəcanlı olmalıdır. Amma bu həyəcanı görmürük.
Bəllidir ki, Qarabağın dağlıq hissəsində gedən proseslər iki qüvvənin qarşıdurması ilə xarakterizə olunur. Birincisi, Ruben Vardanyanın dirijorluğu ilə hərəkət edən və birbaşa Rusiyanın maraqlarını təmin edən qüvvələr. İkincisi, Samvel Babayanın rəhbərlik etdiyi və Ermənistan Baş naziri Nikol Paşinyanın maraqlarını təmin etməyə çalışan qüvvələr.
Üçüncü bir qüvvə də var. Bu, Qarabağ ermənilərinin maraqlarını qorumaq istəyən qüvvələrdir. Ancaq həmin qüvvələr hələlik proseslərdən kənarda qalıb”.
Jurnalist vurğulayıb ki, ermənilərin Qarabağı tərk etmələri Ermənistanın hakim elitası üçün ciddi siyasi problem deyil, bir erməni kimi bundan ancaq “mənəvi əziyyət” çəkə bilərlər:
“Qarabağ ermənilərinin gələcəyi əslində Rusiya üçün də maraqlı deyil. Kremlin bundan mənəvi narahatlıq keçirəcəyini də demək olmaz. Amma məntiqlə bu gün Rusiya Qarabağda ermənilərin qalmasında və yaşamasında maraqlı olmalıdır. Çünki Qarabağda erməni varlığı Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində mövcudluğunun yeganə səbəbidir. Qarabağda erməni olmayacaqsa, Rusiya hərbi kontingenti də olmayacaq”.
Bəs Kreml niyə ermənilərin Qarabağı tərk etməsinə barmaqarası yanaşır?
Asəf Quliyev vurğulayıb ki, bunun bir neçə kompleks səbəbi ola bilər:
“Birincisi, Kreml hesab edir ki, Qarabağdakı ermənilərin sayı Rusiyanın maraqları baxımından hələlik “faciəli” deyil. İkincisi, Qarabağ ermənilərinin sayı “faciəli” olmadığı üçün İrəvanda Paşinyan hökumətindən narazıların sayını artırmaq üçün onların axınına göz yummaq olar. Üçüncüsü, Rusiya İrəvanda narazı ermənilərin sayını artırmaqla Paşinyanı devirmək planına yenidən qayıtmaq istəyir. Dördüncüsü, Rusiya ermənilərin Qarabağı tərk etməsinin qarşısını o vaxt alacaq ki, beynəlxalq birlik rus əsgərini “Qarabağ ermənilərinin yeganə xilaskarı” olduğunu etiraf edəcək.
Bu halda 2025-ci ildən sonra da Qarabağda qalmaq üçün “beynəlxalq təminat” əldə etməyə çalışacaq.
Bütün hallarda Qarabağ erməniləri Kremlin əlində alətdir. Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğu sonsuza qədər deyil. Bu mövcudluğa bir gün son qoyulacaq. Ona görə də sual açıq qalır: Qarabağ erməniləri Qarabağda yaşamaq, yoxsa tərk edib getmək istəyirlər?”