İstiqamət göstərildi – “Zəngəzur dəhlizi açılmasa…”

 

“Ermənistan Zəngəzur dəhlizini açmasa, bu, Azərbaycan üçün böyük problem deyil”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert regional nəqliyyat dəhlizləri ilə bağlı gedən müzakirələrə diqqət çəkib:

“Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək. O qeyd edib ki, biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq. Hikmət Hacıyev Azərbaycanın regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyini bildirib.

Belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılması dalana dirənib və rəsmi Bakının bununla bağlı ümidləri azalıb. Ümumiyyətlə, iki ölkə arasında sülh sazişi imzalanmayana və Ermənistan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər Zəngəzur dəhlizinin açılması çətindir. Zəngəzur dəhlizinin açılmasıyla bağlı üç ildir danışıqlar gedir, nəticə yoxdur.

Bəs Hikmət Hacıyev “alternativ marşrutlar” dedikdə hansı istiqamətləri nəzərdə tutub?

Bakı-Tiflis-Qars dəmir yolu işlək vəziyyətdədir. Bu yol Zəngəzur dəhlizindən uzun olsa da, bu xətlə daşımalar ildən ilə artır. Bunu Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı da bildirib. Dövlət başçısının sözlərinə görə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tiflis-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yolla daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlət başçısı vurğulayıb ki, buna paralel olaraq, Bakı ticarət limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır. Yəni Zəngəzur dəhlizi olmadan da Çin, Mərkəz Asiya, Türkiyə və Avropa arasında körpü rolunu oynayan dəhlizimiz var”.

Elxan Şahinoğlu hesab edir ki, digər alternativ marşrut İranla bağlıdır:

“Keçən ilin martında Azərbaycanla İran arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının – dəmir və avtomobil yollarının İran üzərindən həyata keçirilməsi planlaşdırıb. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub.

Həmin körpülər Ermənistan sərhədinə 5 kilometr məsafədə keçəcək. Azərbaycan bütün xərcləri öz üzərinə götürüb. Bu memorandum rəsmi Bakının İrəvana əlavə təzyiq vatitəsi idi, yəni Zəngəzur dəhlizini açmasanız, dəhliz İran ərazisindən keçəcək və bununla Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Ancaq sonrakı aylarda İran Azərbaycanla münasibətləri gərginləşdirmək siyasətini seçdi və imzalanan memorandum arxa plana keçdi. Münasibətlərin normallaşması durumunda həmin memoranduma qayıdış mümkündür.

Bütün hallarda Ermənistan Zəngəzur dəhlizini açmasa, bu, Azərbaycan üçün böyük problem deyil, Bakı-Tislis-Qars yolu ilə daşımaların həcmi artır, üstəgəl, Türkiyə üzərindən Naxçıvana da əlavə xətt çəkiləcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password