Yaxın Şərq uğrunda geosiyasi döyüş yenidən Suriyadan başlayır?


IMEC-lə (Hindistan-Yaxın Şərq Dəhlizi) bağlı başlayan mümkün geosiyasi dəyişikliklər Xəzər-Qara dəniz hövzəsinə və konkret olaraq Azərbaycana necə təsir edəcək? Bu suala cavab tapmaq üçün ən azı iki məlum amili yenidən xatırlamalıyıq:

1. Cənubi Qafqaz və Qara dəniz-Xəzər hövzəsi mühüm Şərq-Qərb və Şimal-Cənub qlobal dəhlizlərinin kəsişdiyi bölgədir;

2. Bölgə Böyük Yaxın Şərqin tərkib hissəsi olmaqla Rusiya üçün Yaxın Şərqə təbii çıxış rolunu oynayır.
Hər iki səbəbdən dünya güclərinin diqqətini çəkən Cənubi Qafqaz bölgəsi, özəlliklə də Rusiya ilə İran arasında yegənə quru ərazi olan Azərbaycan geosiyasi baxımdan hər zaman əhəmiyyətli olub və bu, yaxın zamanlara qədər də belə idi. IMEC layihəsinin meydana çıxması bölgənin əhəmiyyətini əsaslı şəkildə dəyişə bilər.

Belə ki, Şərq-Qərb Dəhlizi (EWC) artıq Qərb ölkələri üçün əhəmiyyətini xeyli dərəcədə itirmiş olur, Rusiya və İran tərəfindən planlaşdırılan Şimal-Cənub Dəhlizi (NSC) isə ümumiyyətlə gündəmdən çıxa bilər.

Çünki Şimal-Cənub Dəhlizinin əsas ölkələrindən olan Hindistan artıq IMEC layihəsində önəmli yer almaqdadır. Beləliklə də Qərb ölkələrinin bölgənin nəqliyyat-kommunikasiya imkanlarına marağının itməsi onların Cənubi Qafqaz siyasətinə yeni çalarlar gətirəcək.

Azərbaycana uzun illər enerji partnyoru, ardınca isə logistika sahəsində potensial tərəfdaş kimi baxan və bu səbəblərdən də ölkənin daxili siyasətində baş verənlərə diqqət yetirməyən Qərb ölkələrinin Azərbaycan siyasətinin prioritetləri dəyişir.

İndiki yeni şəraitdə Qərb ölkələrinin Azərbaycana yönəlik siyasəti əsasən iki istiqamət üzərində qurulacaq: Qarabağın ermənilər yaşayan dağlıq hissəsində baş verənlər və insan hüquq və azadlıqlarının vəziyyəti.

Hər iki istiqamətdə aktivləşmənin ilkin əlamətləri də artıq özünü göstərməkdədir. Görünən digər əlamətlər isə Qərb ölkələrinin bölgəyə təsir imkanlarını əldə saxlamaq məqsədilə daha çox Ermənistanla əməkdaşlığa meyllənməsidir. Bunun çalarları özünü həmçinin Ermənistan-Rusiya münasibətlərində son dövrlər baş verənlərdə göstərməkdədir.
Rusiya üçün Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq təkcə Yaxın Şərqə çıxış kimi deyil, həm də özünün cənub cinahını təhlükəsizləşdirmək üçün ciddi strateji əhəmiyyət kəsb edir. Odur ki, Moskvanın da Cənubi Qafqaz siyasətində yaxın dövrlərdə “sərt xəttin” üstünlük təşkil edəcəyi gözləniləndir.

Digər tərəfdən də indi Moskva IMEC-ə təsir etmək məqsədilə Yaxın Şərqə çıxışda daha çox maraqlı olacaq. Amma bu, yalnız İranla müştərək maraqlar olduğu halda mümkündür. Layihədə iştirakı nəzərdə tutulmaması səbəbindən IMEC-ə etiraz edən Ankaradan fərqli olaraq Tehranın ona qoşulmaq şansları hələ tükənmiş kimi qiymətləndirilməməlidir.
IMEC-in Hörmüz boğazından və Fars körfəzindən keçməsi nəzərdə tutulan Hindistan – BƏƏ və Hindistan – Səudiyyə Ərəbistanı seqmentlərinə İranın da qoşulma ehtimalı hələlik nəzəri də olsa istisna deyil.
Belə variant Qərb və ilk növbədə ABŞ üçün də əlverişli sayıla bilər və zaman-zaman barəsində məlumatlar sızan

Vaşinqton-Tehran təmaslarında bunun da müzakirə olunacağı və ya artıq müzakirə olunması istisna deyil.
Amma ABŞ xarici siyasəti öz ənənəsinə sadiq qalaraq burda da “kökə və zopa” taktikasından imtina etmir. Hələ iyun ayında Pentaqon bildirmişdi ABŞ-ın körfəz siyasətinin prioritetləri aktual olaraq qalmaqdadır və onlar İranın Fars körfəzində və Hörmüz boğazında gəmiçiliyə maneələr yaratmasının və nüvə silahı əldə etmək istəyinin qarşısını almaqdan ibarətdir.

Bu isə sadəcə bəyanat deyildi. Həmin açıqlamanın ardınca Vaşinqton BƏƏ-dəki hərbi hava bazasına əlavə F-22, F-16 və F-35 təyyarələri yerləşdirmişdir. Bütün bunlar Tehrana onun bölgə ilə bağlı kollektiv plana maneələr yaratmaq cəhdlərinə qarşı tərəfin adekvat reaksiyası ilə üzləşə biləcəyinə işarədir.

Konfliktləri öz ərazisindən kənarda saxlamaq taktikasına üstünlük verən İran üçün bu, ciddi xəbərdarlıqdır. Deməli, indi də İran IMEC layihəsinə təsir etmək və onda iştirak edən ölkələri gərginlikdə saxlamaq üçün diqqətini əsasən Suriyaya yönəldəcək.

Gördüyümüz kimi, IMEC layihəsinin gündəmə gəlməsi təkcə Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində deyil, Cənubi Qafqazda da yeni geosiyasi mənzərə yaradacaq. Bu isə indikindən fərqli yanaşmalar tələb edən yeni geosiyasi reallıq deməkdir.

Ərəstun Oruclu, politoloq

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password