Paşinyan 2020-ci ildə etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır – “Kommersant”
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır.
Bu barədə “Kommersant” yazıb.
Nəşrin yazdığına görə, Rusiya ilə ən yaxın müttəfiqlərindən biri KTMT üzvü Ermənistanla münasibətlərdə ciddi böhran yaranıb.
“Tərəflər qarşılıqlı ittiham mübadiləsi aparır. Respublikanın baş naziri Nikol Paşinyan İtaliya qəzetlərindən birinə müsahibəsində Moskva ilə strateji müttəfiqliyə girməyin səhv olduğunu bildirib. Onun həyat yoldaşı Kiyevə gedib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
İrəvan həm də Rusiya-Ukrayna münaqişəsi başlayandan bu günə kimi ilk dəfə Kiyevə humanitar yardım edib. Nəhayət, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirib və yerinə heç kəsi göndərmədən öz nümayəndəsini KTMT-dən geri çağırıb”, – qəzet bütün son hadisələri sadalayır.
Bununla yanaşı, qəzet Bakı üçün vəziyyətin həmişəkindən daha əlverişli olduğunu vurğulayır.
Qeyd edilir ki, 2020-ci ilin payızında baş verən 44 günlük müharibə güc balansının açıq şəkildə Azərbaycanın xeyrinə olduğunu göstərib.
Qəzet vurğulayır ki, Rusiya özü Ermənistana kömək etmək istəsə belə, Ukraynada dərin bataqlıqdadır. Enerji sahəsində Azərbaycandan asılı olan Qərb isə çox uzaqdadır və vəziyyətə təsir edə bilmir:
“Görünür, çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan artıq soydaşlarına gözlənilən məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür.
Bir ifratdan digərinə qaçan Ermənistanın baş naziri 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır”.
Qəzet sonda qeyd edib ki, İrəvan həm də nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə – Kremlə nümayişkaranə şəkildə meydan oxuya bilməz.