Gölləri və dağları ilə məşhur Albaniya – Səfər qeydləri – V yazı
əvvəli burada: https://aktualinfo.org/2023/08/23/goz%c9%99llikl%c9%99r-diyari-monteneqroda-bir-gun-s%c9%99f%c9%99r-qeydl%c9%99ri-iv-yazi/
Biz 18 iyul 2023-cü il tarixdə saat 20-00 radələrində Monteneqro-Albaniya sərhəddinə çatdıq. Sərhəddi lap rahat keçdik və üz tutduq Albaniya Respublikasının Şkoder və ya İşkodra şəhərinə. Bu şəhərin də tarixi lap qədimlərə gedir və təxmini yaşı 2200 ili keçir. Biz geçə saatlarında bu şəhərin “Havana” mehmanxanasına çatdıq və yeməkdən sonra kimi istirahət üçün öz otaqlarına, kimi mehmanxananın hovuzuna, kimi də şəhərin gecə gəzintisinə çıxdı. Mən, Vüqar müəllim, İltifaq müəllim və Ümman müəllim hovuza düşdük. Hovuzun suyu olduqca isti idi. Biz maraqlı bir axşam keçirdik. Elə orada da ASKEF-in başkanı Savaş bəylə Azərbaycan nümayəndə heyəti arasında bir toplantı oldu. Məlum oldu ki, Azərbaycan nümayəndə heyətinin Kosovoya buraxılmamaq ehtimalı var. Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik.
Albaniya Respublikası, tarixi mənbələrdə Arnaudluq da göstərilir, Balkan yarımadasının cənubi-qərbində Adriatik və İon dənizləri sahilində yerləşir. Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “Şiptar” adlandırırlar. Albaniya özü isə illiriya sözü olub “oba” — “kənd” deməkdir. Osmanlıların Albaniyanı 15-ci əsrdə zəbt etməzdən öncə İskəndər bəyin başçılıq etdiyi albanların osmanlılara qarşı müqaviməti Avropanın əksər hissəsində rəğbətlə qarşılanırdı. Albaniya beş əsrə yaxın Osmanlı hakimiyyəti altında qaldı və bu müddət ərzində bir çox albanlar (arnautlar kimi də tanınırdılar) imperiyada, xüsusən Cənubi Balkanlarda və Misirdə yüksək vəzifələrə yiyələnmişdilər. 18–19-cu əsrlər arasında həm mənəvi, həm də intellektual güc toplayan albanlara aid edilən mədəni inkişaf Alban İntibahının yaranmasıyla nəticələndi. Albaniya 1912-ci ildə Osmanlının məğlubiyyətindən sonra müstəqilliyini elan etsə də tezliklə İtaliyanın əsarəti altına keçir və müxtəlif vaxtlarda müstəqilliyi yolunda mübarizələr aparır. Nəhayət 1991-ci ildə müstəqil Albaniya Respublikası yardıldı. 2005-ci ilin məlumatlarına əsasən adambaşına düçən gəlir 1.9 min avro olmuşdur.Burada kənd təsərrüfatı daha güclü inkişaf etmişdir.
Albaniya Respublikası həm də öz gölləri ilə də məşhurdur. Ancaq buranın 70% dağlarla örtülmüşdür. Dağlarda müasir standartlara cavab verən yollar fəaliyyət göstərir və digər Balkan respublikalarında olduğu kimi burada da tunellər olduqca çoxdur. Hətta bəzi tunellər dar olduğundan işıqofor qoyulmuş və nəqliyyat vasitələri növbə ilə buradan keçirlər.
Albaniyada havanın temperaturu iyul ayında ortalama +25-32 dərəcə göstərilsə də biz burada +40 dərəcənin üstündə istilərə rast gəldik. Dəniz kənarlarındakı çimərliklər turistlər və yerli insanlarla dolu olurdu.
Pravoslav Pasxa, Katolik Milad və Müsəlmanların Qurban bayramları Albaniya Respublikasında dövlət bayramları kimi qeyd edilir.
Biz səhər yeməyindən sonra şəhəri gəzməyə çıxdıq. Şəhərin əhalisinin 60%-dən çoxu müsəlman olduğundan camelər və məscidlər çoxluq təşkil edir. Şkoder şəhəri Buna, Drina və Ohri çaylarının kənarlarını gəzdik və çox gözəl mənzərələrin şahidi olduq. Burada qayalıqlar üzərində yerləşən Şkoder qalasında Fatih Sultan Məhəmməd məscidi olduğunu dedilər və baxımsızlıq üzündən məscid yararsız hala düşmüşdür. Şkoderdə sonuncu Osmanlı paşası Həsən Rza Paşanın məzarı yerləşir. Məzar daşının üzərindəki yazılar alban dilində yazılıb: “Şkoderdə Osmanlı ordusunun komandanı, dövrünün böyük əsgəri, qəhrəmanı Həsən Paşaya Albaniyadan və alban xalqından böyük hörmət var”. Həsən Rza Paşanın atası da Bağdad valisi olub. Özü isə Şimali Albaniyanın valisi olub. Burada inşa edilmiş müasir tipli Əbu Bəkr məscidi Türkiyədən sonra Balkanlarda ən böyük məscidlərdəndir.
Pul vahidi alban leki olsa da, avro ilə rahat alış-veriş etmək olurdu. Avropada yerləşməyinə baxmayaraq və Avropa dövlətləri ilə sıx ticarət əlaqələri olsa belə kasıb bir ölkədir. Biz mağazaları gəzdikdə Türkiyə istehsalı olan tekistil mallarına da rast gəldik.
Bütün səfər boyu biz internet üçün kafelərdə otururduq. İstirahət zamanı və ya nahar fasiləsində oturduğumuz yeməkxanaların WiFi-dan istifadə edirdik. Paylaşdığımız şəkillərdən də bu aydın görünür.
Biz 19 iyulda Şkodra şəhərindən çıxıb Albaniya-Kosovo sərhəddinə yol başladıq. ASKEF-in (Avrasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu) təşkil etdiyi bu maraqlı turun üstünlüklərindən biridə iştirakçıların müxtəlif sahələrdə çalışmalrı idi. Başkanımız Savaş bəy Ünsalın rəhbərliyi ilə təşkil olunan bu turda heç vaxt darıxmaq mümkün deyildir. Avtobusda yol boyu iştirakçılar maraqlı mahnılar oxuyur, şerlər deyir, rəqs edir, əhvalatlar danışırdılar. Sevda xanım Muradəliyevanın məlahətli səsi, başqan yardımçısı Nilgün xanım Seçenin gurultulu çıxışları, həkim Mustafa bəy Seçenin olduqca maraqlı və məzmunlu həyat hekayələri, Vüqar müəllim Abduyevin tarixi məlumatları və şerləri, Federasiyanın Azərbaycan və Orta Asiya üzrə başkanı Sona xanım Abbasəliqızının, Gülqədəm xanım Mirzəzadənin oxuduqları maraqlı şerləri, balaca Ayişəmizin tapmacaları iştirakçıların gurultulu alqışları ilə qarşılanırdı. Biz saat 15 radələrində Albaniya-Kosovo sərhəd məntəqəsinə çatdıq. Qabaqda bizi hələ də maraqlı sərgüzəştəlr gözləyirdi.
Əli Vəliyev
Vüqar Abduyev