“Azərbaycanın asılılıq dövrü bitib, Ermənistan dəstəyə möhtacdır” – Eldəniz Əmirov

 

Xəbər verdiyimiz kimi, bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterinkin Qafqaza bir həftəlik səfərə başlayır.

Ermənistandan başlayan səfər Gürcüstanda davam edəcək və Azərbaycanda yekunlaşacaq.

Yurgen Riqterink AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, həmçinin AYİB-in Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.

Qeyd edək ki, AYİB regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.

Maraqlıdır, səfər nə vəd edir?

İqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycan AYİB ilə müstəqilliyin ilk illərindən əməkdaşlıq edir.

İqtisadçı sözügedən bankla əməkdaşlığın müxtəlif strateji sənədlərə əsaslanan bir tərəfdaşlıq formatı olduğunu deyib: “Sonuncu dəfə Azərbaycanla AYİB arasında əməkdaşlıq 2019-2024-cü illəri əhatə edən strategiya sənədə uyğun tənzimlənib. Bundan sonra 2022-2026-cı illər üzrə olan strateji inkişaf planına uyğun olaraq Azərbaycan təkcə AYİB-lə deyil, bütün maliyyə qurumları ilə əməkdaşlıq haqqında sənəd imzalayıb.

 

Səfər marşrutuna baxsaq görürük ki, Qafqazın digər iki ölkəsinin AYİB-nin dəstəyinə daha çox ehtiyacı var. Bu məsələdə Ermənistan möhtac durumdadır.

Ölkə başçısının tapşırığına əsasən, Azərbaycan xarici borc asılılığını ciddi şəkildə azaltmağı strateji plan kimi hədəf götürüb. Ölkəmiz bu hədəfə getdikcə nail olur. Belə ki, 2023-cü ilin birinci rübünün yekunlarında Azərbaycanın xarici dövlət borcu 6.6 milyard dolları həcmində olub. Bu da cari il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 10%-ni təşkil edib. Bu, əvvəlki dövrlə müqayisədə 1.7% azalma deməkdir. Yəni, prioritet istiqamət olaraq xarici borcun azalmasını statistikada da görürük.

Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması məhz ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ÜDM-in əhəmiyyətli artımı, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyyatlarının formalaşdırılması qiymətləndirilə bilər. 2009-cu ildən etibarən Azərbaycanın Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub. Yəni ölkədə strateji hədəf olaraq beynəlxalq maliyyə qurumlarının yardımlarına, eləcə də məsləhət xidmətlərinə tələbin azalması müşahidə edilir. BVF-nun Bakı ofisinin bağlanmasının səbəblərindən biri budur. Bu, Fondun açıqlamasında da açıq şəkildə ifadə olunub.

Amma BVF-nun Bakı ofisinin bağlanması o demək deyil ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa son verir. Əksinə, Dünya Bankı, AYİB və bir çox maliyyə qurumları ilə birgə əməkdaşlıq formatında irəliləyişlər müşahidə edilir”.

Ekspertin sözlərinə görə, son dövrlərdə AYİB-nın Azərbaycan üzrə investisiya portfelinin həcmi 4% artıb: “Bu bank Azərbaycanın iqtisadi artımına dair proqnozu ilə məşhur olan beynəlxalq maliyyə qurumlarından biridir. Hesab edirəm ki, bu qurumun Birinci vitse-prezidentinin Azərbaycana səfəri ölkədə sahibkarla, o cümlədən maliyyə açıqlığının təmin olunmasına və proqram çərçivəsində digər istiqamətlərə öz töhfəsi olacaq. Amma bütün hallarda Azərbaycan iqtisadiyyatının əsas strateji hədəfi xarici dövlət borcunun daxili borclanma ilə əvəzlənməsinə və xarici borcun ÜDM-in təxminən 10% ətrafında formalaşmasına istiqamətlənib. Azərbaycan üçün 15-20 ilə əvvəl olduğu kimi, beynəlxalq maliyyə qurumlarından asılılıq dövrü bitib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password