Qurbanovdan Şahruddinlə bağlı qərar: Böyük miqdarda cərimələndi
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevi cərimələyib.
Buna səbəb onun cari avrokuboklar mövsümündə yol verdiyi səhvlərdir.
Belə ki, dağıstanlı qapıçı Çempionlar Liqasında “Rakuv”la keçirilən ikinci təsnifat mərhələsinin Polşadakı ilk oyununda, həmçinin HİK-lə Finlandiyada baş tutan Avropa Liqasının 3-cü raundunun cavab qarşılaşmasında kobud xətalarla yadda qalıb.
“Şah”ın bir-birinin ardınca yanlışlara yol verməsi baş məşqçi Qurban Qurbanovu hövsələdən çıxarıb.
Təcrübəli mütəxəssis “əlcək sahibi”ni möhkəm danlamaqla yanaşı, onun böyük miqdarda cərimələnməsinə dair rəhbərliyə raport yazıb. Son vaxtlar azarkeşlərin əsəblərini tarıma çəkən Məhəmmədəliyevin “Olimpiya” ilə Avroliqanın pley-off mərhələsinin Sloveniyada keçirilən ilk görüşündə ehtiyatda qalması da bu gedişatla bağlıdır.