Fransada Azərbaycana qarşı hazırlıq – “Yaxın günlərdə…”
“Ermənistanla sülh müqaviləsinin bağlanması sual altındadır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, üfüqdə Ermənistanla Azərbaycan arasında sülh görünmür:
“Fransa, İran və Rusiya Ermənistanı Azərbaycanla sülh müqaviləsini imzalamağa imkan vermək istəmir. Gedişatdan görünən budur ki, ən azı yaxın gələcəkdə buna imkan verməyəcəklər. Ermənistan da asanlıqla bu təhrikedici təxribatlara alət olur. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan daha əlverişli sazişin imzalanması üçün münbit zəminin yaranacağını gözləyir. Bu durumda Ermənistanla anladığı dillə danışmaq metodu önə çıxır. Buna görə də Azərbaycan hərbi cəhətdən daha da güclənməli, separatçıların tam tərksilah edilməsinə nail olmalıdır. Azərbaycanın indi irəlilədiyi yol budur, ən doğrusu da budur. Ermənilərlə başqa cür mümkün deyil.
Hazırda Ermənistanı təxribata çəkən ölkələr sırasında Fransa birinci yerdədir. Fransa təkcə erməniləri təxribata çəkmir, sövq etmir, artıq özü də birbaşa belə pozucu planların icraçısı və müəllifi rolunda çıxış edir. Ermənilərin “aclıq şousu”na qoşulan Fransa bölgəyə “humanitar yük” göndərməyə hazırlaşır. Eləcə də, yaxın günlərdə bununla bağlı BMT Təhlükəsizlik Şurasına bədnam qətnamə layihəsi təqdim etməyə hazırlaşması barədə məlumat var.
Azərbaycan Ermənistanla sərhədinə tam nəzarəti bərpa edib. Heç bir ölkə, eləcə də Fransa Azərbaycanın icazəsi olmadan onun sərhədini keçə bilməz”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Fransanın bu siyasəti aşkar formada Azərbaycanın suverenliyinə təhdiddir:
“Hesab edirəm ki, yaxın günlərdə proseslər gərginlik xəttinə keçəcək. Azərbaycan bütün bunları nəzərə alaraq, Ermənistandan ölkəmizə girişi tam bağlamalıdır. Çünki Azərbaycana qarşı artan təhdidlər təkcə Laçın yolu, “blokada” ilə bağlı deyil. Bu, birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsd cəhləridir. Fransa və digərlərinin məqsədi regionda sülhə mane olmaq, Cənubi Qafqazda qeyri-sabitliyi saxlamaqdan ibarətdir. Maraqlı qüvvələr arasında Qarabağ ermənilərinə nəzarəti ələ keçirmək uğrunda mübarizə gedir. Məqsəd də onlardan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməkdir.
Fransa və digərlərinin təxribatçı və separatçı planlarının baş tutacağını inanmıram. Bir az suyu bulandıracaqlar, amma istədikləri balıq tilova gəlməyəcək. Kimsə nüfuzsuz, atdığı addımların yalnız öz maraqlarına yönəldiyini bilən Fransanın oyununa getməyəcək”.