Füzuli şəhərinə qayıdış başlayır
Füzuli şəhərinə ailələrin birinci köçü avqust ayının 18-də baş tutacaq.
Bu barədə sorğuya cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ailələr Füzuli şəhərinə mərhələli şəkildə köçəcəklər. Ümumilikdə ilkin mərhələdə 144 ailə köçürüləcək. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.
Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.