Türkiyə ətrafında təhlükəli oyun – Ölkə yaxınlığında yeni bazalar qurulur
ABŞ-dakı yunan lobbisinin təşviqi ilə Egey dənizində yeni oyunlar planlaşdırılır. ABŞ Nümayəndələr Palatasının üzvü Qreys Menqin təklifi ilə 2024-cü il müdafiə büdcəsinə Yunanıstanda, xüsusilə də Egey adalarında ABŞ-ın yeni bazalarının yaradılması məqsədilə araşdırma hesabatı əlavə edilib.
Bu çərçivədə Yunanıstandakı mövcud ABŞ bazalarına yenilərinin əlavə edilib-edilməyəcəyi araşdırılacaq.
Bununla əlaqədar olaraq, lazımi müddətdən əvvəl ABŞ administrasiyası tərəfindən etirazlar edilməsə, həm Egeydə Lozanna anlaşması ilə yaranan tarazlığı Türkiyə əleyhinə böyük ölçüdə pozulacaq, həm də Egeydə Amerika tərəfindən Türkiyəyə müqavimət güclənəcək.
Yunanıstan NATO-ya üzv olduqdan sonra Egeydə Lozanna anlaşması ilə yaranan tarazlığı öz xeyrinə pozmaq üçün hərəkətə keçmişdi. Bunlardan birincisinin qarşısını NATO-nun birinci baş katibi Lord Hastinqs İsmay almışdı. İsmay 7 fevral 1957-ci il tarixli məktubunda alyans üzvlərinə 1947-ci il Paris sülh müqaviləsi əsasında Türkiyənin İleryoz adasının silahsızlaşdırılmış statusuna görə adada NATO infrastrukturunun tikilə bilməyəcəyini bildirmişdi.
1980-ci ildə NATO-nun dönəm baş katibi Jozef Lans Avropa Müttəfiq Qüvvələrin komandanı Bernard Rocerslə Türkiyənin Egey dənizindəki Limni adasında NATO infrastrukturunun qurulmasına etirazını bölüşmüşdü. “Soyuq müharibə”dən sonra Avropa Müttəfiq Qüvvələrinin komandanı Ceyms Cons 2006-cı ilin avqustunda “Egey Adaları üçün Siyasət Direktivləri” adlı məqaləsində Liminin silahsızlaşdırılmış statusunu xatırlatmışdı.
Yunanıstanın son olaraq bu ilin aprelində Egeyin şimalındakı Taşoz və Bozbaba adalarını hərbi təlimlərə daxil etmə planı Türkiyə hərbçilərinin müdaxiləsi ilə pozulmuş və təlim proqramından çıxarılmışdı.
2021-ci ildə imzalanmış ABŞ-Yunanıstan müdafiə anlaşması çərçivəsində Dədəağacdakı “Yanuli” və Volos şəhəri yaxınlığındakı “Yorquli” kazarmaları və Salonikidən 92 km məsafədəki ərazi ABŞ üçün ayrılıb. Uzun müddətdir Kritdə Suda dəniz və hava bazasına malik olan ABŞ Volos şəhəri yaxınlığındakı Stefanovikiyo aviabazasında da helikopter və PUA-lar yerləşdirib.
Danışıqlar zamanı ABŞ və Yunanıstan arasında Egey dənizinin ortasındakı İşkiri adasında Amerika bazasının yaradılması məsələsi gündəmə gəlmişdi, amma təkidli tələblərə baxmayaraq, Vaşinqton Türkiyə ilə yeni bir problemin yaranması ehtimalına görə bundan vaz keçmişdi.