“Taxıl sazişi”nin fəsadları: “Qara dəniz döyüş gölünə çevrilə bilər”

 

“Rusiyanın diplomatik gedişindən sonra “Taxıl dəhlizi” və Rusiyaya tətbiq edilən sanksiyalar məsələsində düzəliş olmasa, Qara dəniz savaş gölünə çevrilə bilər”.

Bunu açıqlamasında türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib.

Ekspert bildirib ki, Rusiya Baltik dənizini itirdikdən sonra bütün diqqətini Qara dənizə yönəldib:

“Taxıl sazişi” Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə təşkil edilmiş bir razılaşma idi və müqavilənin maddələrində təkcə Ukraynanın deyil, Rusiyanın da taxılının dəhliz vasitəsilə dünya bazarına çıxarılması nəzərdə tutulurdu. Lakin dünya dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi embarqo çərçivəsində Rusiya bu dəhlizdən kifayət qədər faydalana bilmədi və iyulun 17-də sazişdən çəkildiyini açıqladı. Ukrayna isə öz növbəsində Rumıniya və Bolqarıstanın dəniz sularından istifadə edərək Afrikaya taxıl ixrac edəcəyini bəyan etdi. Ancaq Rusiyanın Qara dənizdəki bütün mülki gəmiləri silah daşıyan gəmilər kimi görəcəyi və hamısını atəşə tutacağı açıqlaması planları tamamilə pozdu və “Taxıl sazişi”nin fəaliyyəti faktiki dayandı. Bunun üzərinə Rusiyanı rəsmi və ya qeyri-rəsmi danışıqlarla yumşaltmağa cəhd edildi. Ancaq Rusiya bəzi ölkələrə ehtiyac duyduqları taxılı təkbaşına tədarük edəcəyini bəyan etdi və beləliklə, bir tərəfdən taxıl dəhlizi yenidən gündəmə gəlsə də, digər tərəfdən Afrikada aclıq üzündən yaradılmış taxıl dəhlizinin yaradılma səbəbi aradan qalxdı. Əvvəldə də qeyd etdiyim kimi, Rusiyanın Qara dənizdə böyük marağı var. Bu, istər-istəməz NATO-Rusiya rəqabətini Qara dənizə daşıyır”.

Həmsöhbətimiz hesab edir ki, müharibə riski bu reallıqlara görə gündəmə gələrkən Türkiyənin məsələyə müdaxiləsi həm regional sülh, həm də Türkiyənin həyata keçirdiyi Montrö boğazı konvensiyası baxımından vacibdir:

“İyulun 11-12-də baş tutan NATO zirvəsindən sonra Rusiya ilə Türkiyə arasında gərginlik olduğu iddiası var, amma bu, sadəcə Rusiyanın birtərəfli alınqanlığıdır, çünki İsveç və Finlandiyanın NATO-ya üzv olması məsələsində Türkiyə bacardığı qədər müqavimət göstərdi. Bu prosesdə Rusiya Türkiyəyə lazımi yardımı göstərmədi. Rusiya “Taxıl sazişi” məsələsində haqlı olsa da, Qərbin tətbiq etdiyi embarqolarda Türkiyənin edə biləcəyi çox şey yoxdur. Ancaq Rusiyanın Türkiyəni günahlandırmaqdan başqa görəcəyi işlər var. Elə Ərdoğanla Putinin telefon danışığında bu barədə müzakirə olacaq və Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşacaq, çünki hər iki tərəfin münasibətlərin normallaşmasına çox ehtiyacı var”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password