Ceyhun Bayramovla Hakan Fidan bu məsələləri müzakirə ediblər
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın müzakirə etdikləri məsələləri açıqlayıb.
Bu barədə Türkiyə XİN “Twitter”də məlumat yayıb.
Qeyd olunub ki, Ankarada keçirilən görüşdə tərəflər ölkələrarası iqtisadi əməkdaşlığı, ticarət dövriyyəsi həcminin 15 milyard dollara çatdırılması hədəfini, enerji sahəsində əməkdaşlığın mühüm tərkib hissəsi olan TANAP layihəsinin imkanlarının genişləndirilməsini müzakirə ediblər.
Həmçinin, nazirlər yeni geosiyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu, Cənubi Qafqazda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.
“Güclü Türkiyə güclü Azərbaycandır! Güclü Azərbaycan güclü Türkiyədir!”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın görüşü baş tutub. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.