Turistlər niyə Bakıdan kənarda gecələmir? – “Qiymətlər baha, xidmət aşağı səviyyyədədir…”
Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub.
Beləliklə, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir.
İqtisadçı, deputat Vüqar Bayramov hesab edir ki, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Onun sözlərinə görə, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır.
“Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”, – iqtisadçı əlavə edib.
Deputat vurğulayır ki, nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur: “Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının re-inteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhvəni təsəvvür etmək çətin olmaz”.