Rusiya silah vermir, İsrail “yox” deyir – İrəvanın ümidi iki ölkəyə qaldı
“Ermənistan rəhbərliyi KTMT-dən çıxmağa çalışır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin son iclasında Rusiyanın ölkəsinə silah tədarük etmədiyini və razılaşmaları pozduğunu deyib:
“Rusiyanın Ukrayna ilə davam edən müharibəsi ilə əlaqədar özünün silah-sursata ehtiyacı var. Rusiya buna görə İran və Şimali Koreyadan silah alır. Bunu Ermənistan rəhbərliyi də bilməmiş deyil. İrəvan durumun nə yerdə olduğunu bildiyi halda bu məsələni gündəmə gətirməklə, KTMT-dən uzaqlaşmaq üçün zəmin yaratmağa çalışır. Ermənistan bununla digər müttəfiqlərində də o fikri formalaşdırmağa çalışır ki, Rusiya özünün imzası olan müqavilələrə əməl etmir.
Qriqoryan Rusiya ilə yanaşı, KTMT-dəki digər müttəfiqlərindən də şikayətlənib. Onun sözlərinə görə, ittifaq üzvləri Ermənistanı ciddiyə almırlar. Bu sözündə həqiqət var. Çünki Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan haqsız tərəfdir. Beynəlxalq hüquqa görə, işğalçıdır və digər ölkənin ərazisində separatizmə dəstək verən tərəfdir. Bu səbəbdən də, Ermənistan Azərbaycanla əlaqələri yüksək səviyyədə olan KTMT üzvləri arasında özünə dəstəkçi tapa bilmir. Əlbəttə, Rusiya istisna olmaqla”.
Məhəmməd Əsədullazadə Rusiyadan əli üzülən Ermənistanın silah ala biləcəyi yeni bazar tapmağa çalışdığını söyləyib:
“Görünən budur ki, Ermənistan silah ala biləcəyi yer axtarır. Paşinyanın sözünə inansaq, Ermənistana silah satmaq istəyən ölkələrin sayı o qədər də çox deyil. Ermənistan baş naziri bir müddət əvvəl demişdi ki, heç kim Azərbaycana görə silah satmaq və ya vermək istəmir. Məsələn, İsrail bu səbəbdən dəfələrlə Ermənistana silah satmaqdan imtina edib. Artıq onların İsraildən belə bir gözləntiləri yoxdur. Fransa və Hindistan az da olsa, Ermənistana silah verir. Bu isə müharibədə ordusu və döyüş potensialı darmadağın edilən Ermənistanın ehtiyaclarını ödəmir.
Bütün hallarda Ermənistanın silahlanmaq istəyi regionda sülhə yox, yeni toqquşmaya xidmət edir. Sülhdən boyun qaçırdıqları günə qədər isə bu ehtimal həmişə yüksək olacaq. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir”.