“Real Madrid” tarixinin dördüncü türkü: Arda Güler “kral klubu” üçün Messi ola biləcəkmi?
“Fənərbağça”dan “Real Madrid”ə keçən Arda Güler “kral klubu”nun tarixinə dördüncü türk oyunçu kimi düşüb.
18 yaşlı oyunçudan əvvəl türkəsilli almaniyalı yarımmüdafiəçi Mesut Özil və Türkiyə yığmasının sabiq üzvləri – Nuri Şahinlə Hamit Altıntop “Real Madrid”də çıxış ediblər.
Arda Güler ispanlarla altı illik müqavilə imzalayıb. Bu satışdan “Fənərbağça” 20 milyon avro qazanıb. Eyni zamanda, 10 milyon avro bonuslar qismində nəzərdə tutulub. Növbəti satışdan İstanbul klubuna 20 faiz pay da çatacaq.
Beləliklə, Arda Güler “Real Madrid”ə keçən ən bahalı türk futbolçudur. Klub nə Özil, nə digər adını sadaladığımız oyunçular üçün bu qədər xərcə düşüb.
Bəs onu İspaniya paytaxtında nə gözləyir? “Real Madrid”in əvvəlki türk futbolçuları komandada nəyə nail olublar?
“Kral klubu”nun tarixində ilk türk futbolçu Mesut Özildir. 2010-cu il dünya çemoionatındakı performansı ilə diqqət çəkən almaniyalı yarımmüdafiəçi həmin ilin avqustunda “Verder”dən 18 milyon avroya İspaniya təmsilçisinə keçib. O, beş milyon avro məvaciblə altı illik müqaviləyə imza atıb.
Ulduzların bol olduğu komandada 10 nömrəli formanı geyinən Mesut Özili İspaniya mətbuatı həmin zaman “Alman Zidan” kimi təqdim edirdi.
“Real Madrid”də ümumilikdə 159 oyun keçirən M.Özil 27 qol və 81 məhsuldar ötürmə ilə yadda qalıb.
Türk futbolçu “Blankos”da İspaniya La Liqasını, ölkə kubokunu və Superkuboku qazanıb. O, həmin dönəmdə iki dəfə UEFA tərəfindən ilin komandasına seçilib.
Mesut Özil 2013-cü ildə “Real Madrid”dən “Arsenal”a transfer olunub. London təmsilçisi onun üçün qarşı tərəfə 50 milyon avro ödəyib ki, bu, “kral klubu”nun tarixində ən yüksək satışlardan biridir. Daha doğrusu, ispanların həmin zamana qədər bundan daha böyük məbləğə satışı olmayıb. Hazırda Mesut Özil siyahının beşinci pilləsindədir.
Türkiyə millisinin keçmiş oyunçuları – Nuri Şahin və Hamit Altıntop isə eyni vaxtda “Real Madrid”ə keçiblər. Onların hər ikisi 2011-ci ilin yayında “kral klubu”na gəlib. Hər ikisinin İspaniya paytaxtındakı çıxışı da oxşar olub.
“Real Madrid” Nuri Şahin üçün Dortmund “Borussiya”sına 10 milyon avro ödəyib. Onunla dörd milyon avro məvaciblə altı illik müqavilə imzalanıb.
Nuri Şahin komandadakı ilk mövsümündə İspaniya La Liqasını qazanıb. Lakin zədələr ona çox oynamağa imkan verməyib. Orta xətt oyunçusu ümumilikdə ümumilikdə 10 görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə millisinin üzvü 2012-ci ilin yayında İngiltərənin “Liverpul” klubuna icarəyə verilib. Qışda geri qayıdan yarımmüdafiəçi bu dəfə də sabiq klubu “Borussiya”ya icarəyə göndərilib. N.Şahin ilyarım orada oynadıqdan sonra yeddi milyon avroya “Dortmund” klubuna satılıb.
Hamit Altıntopun “Real Madrid” karyerası Nuri Şahininkinə bənzəyir. 2011-ci ildə “Bavariya”dan ayrılan yarımmüdafiəçi “kral klubu”na üz tutub. Digərlərindən fərqli olaraq, o, azad agent kimi “Real Madrid”ə keçib.
Mövsümdən əvvəl belindəki zədə səbəbindən yaxşı hazırlıq keçə bilməyən H.Altıntop elə də çox şans qazanmayıb. O, 12 oyunda bir qola imza atıb. Lakin Hamitin də adı “Barselona” hegemonluğuna son qoyaraq İspaniya çempionu olan “Real Madrid”in bir hissəsi kimi tarixə düşüb.
Növbəti mövsüm o, “Qalatasaray”a satılıb.
Beləliklə, “Real Madrid” tarixindəki əvvəlki üç türk futbolçudan ən uğurlusu Mesut Özildir. Maraqlıdır ki, o da Almaniya millisinin üzvü olub. Türkiyə yığmasında çıxış edən futbolçular “Blankos”da uğur əldə etməyi bacarmayıblar.
Bu baxımdan Arda Güler ilk olmalıdır. “Real Madrid”in ən bahalı türk oyunçusu həm də son illərdə istedadlı türkiyəli oyunçuların performansını tam aça bilməməsi stereotipini qırmalıdır. Həqiqətən, Cengiz Ünder, Enes Ünal, Yusuf Yazıcı, hətta nisbətən uğurlu olmağı bacaran Merih Demiral və Çağlar Söyüncü belə, top səviyyəyə yüksələ bilməyiblər. Vaxtilə Özil “Alman Zidan” adlandırılırdısa, indi də Arda Güleri oyun üslubuna və solaxay olmasına görə “Real Madrid”in əzəli rəqibi “Barselona”da ulduzu parlayan Lionel Messiyə bənzədir, “türk Messi” adlandırırlar.
Bəs o, “Real Madrid” üçün Messi ola biləcəkmi?\Oxu.az\