İrandan sonra növbədəki ölkə – Prosesdə diqqətçəkən Azərbaycan detalı
Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Hindistan Baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib:
“Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”.
Hindistan baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını “Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum” adlandırıb. Əslində, Modinin söylədiklərinin Rusiyaya aidiyyətı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub.
Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi, guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya dövləti”nə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir”, deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.
Putin Qərblə mübarizədə Çini xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyub”.
Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki Pekin Kremldən fərqli olaraq, Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu, hələlik alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Si Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.
Putin çıxışında Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”.
Putin buna misal olaraq deyib ki, ötən il Rusiyanın təşkilata üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə – 263 milyard dollara çatıb.
Bu arada, “Financial Times” Cinpinin Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığını iddia edir. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurur. Çünki Putin Cinpini ölkəsinə yola saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər”.
Mərkəzin ekspertləri söyləyirlər ki, Moskva və Pekin İranın ŞƏT-ə üzvlüyünə xüsusi önəm verir:
“Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil edib. Rusiya və Çin İranı həm də Şimal-Cənub nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirir. İranın Rusiya və Çinin siyasi-iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcək.
Azərbaycan və Ermənistan ŞƏT-də dialoq tərəfdarı statusuna malikdir. Bu, Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alır. ŞƏT-ə üzv dövlətlərin ümumi əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü – Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.
Azərbaycan və Ermənistan üzv dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyir. Azərbaycanın əsas hədəfi Çinin “Bir Yol, Bir Kəmər” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələlik Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan ŞƏT çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir”.