Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar

Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqu davam etdirmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təmsilçiləri ilə Qarabağ erməniləri arasında bir neçə dəfə dialoq olub. Müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Qarabağ ərazisində olub. Azərbaycan Prezident Administrasiyasi bir neçə dəfə açıqlama yayaraq müzakirəni davam etdirmək üçün Qarabağ ermənilərini Bakıya gəlməyi təklif edib.

Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Birincisi, Qarabağ erməniləri Bakıya gəlməkdən ona görə imtina ediblər ki, bu onların Azərbaycanın ərazi bütövlüyünü qəbulu anlamına gələcək. İkincisi, Bakıdakı görüşdə Rusiya hərbi kontingentinin hərbçiləri olmayacaq, ermənilər isə rusiyalı vasitəçilər olmadan Azərbaycan rəsmiləri ilə görüşdən qorxurlar.

Buna baxmayaraq, Qarabağ erməniləri məcbur qalıb Bakıya qələcəklər. Çünki Qarabağda separatçıların nəzarət etdiyi hissədə iqtisadi və sosial vəziyyət ağırlaşıb. Xankəndidə Qarabağ separatçılarının “dövlət naziri” Qurgen Nersisyan “hökumətin” toplantısında qəbul edilən qərarları elan edib: 1. Qarabağdakı ailələrə şəkər tozu və yağ məhsulları xüsusi yerlərdə paylanacaq; 2. Qarabağda yanacaq çatışmazlığı olduğundan ictimai nəqliyyatın və xidməti maşınların hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən “dövlət idarəsinin” işçiləri evlərindən çalışacaqlar.

Qarabağ separatçıları anlayırlar ki, onlar üçün halqa daralıb, Rusiya hərbi kontingenti iki ildən sonra bölgəni tərk edəcək, Ermənistan Qarabağ separatçılarına dəstək verə bilməyəcək, sərhəd Azərbaycanın nəzarətindədir. Belə olan halda Qarabağ ermənilərinin yeganə alternativi Azərbaycan təmsilçiləri ilə dialoqu davam etdirmək və Bakının şərtlərini qəbul etmək olacaq. Qarabağ separatçılarının lideri Araik Arutunyan son çıxışlarının birində Bakının tələbini səsləndirib: “Bakı bizimlə ancaq Qarabağın və ermənilərin Azərbaycana reinteqrasiyasını müzakirə etmək istəyir. Bu Bakının tələbidir”. Araik Arutunyan Bakının Qarabağda qondarma qurumun buraxılması və quruma bağlı olan qeyri-qanuni silahlı birləşmələrin tərkisilah olunmasını tələb etdiyini də xatırladıb. Araik Arutunyan ötən ilin oktyabr ayında Ermənistan televiziya kanalına verdiyi müsahibədə də onların Bakı ilə danışıqlardan başqa alternativlərinin olmadığını bildirmişdi. Bir il ərzində erməni separatçılarının durumu daha da ağırlaşıb. Ona görə də Araik Arutunyan Bakı ilə dialoqu qəbul etmək barədə düşünür.

Qarabağda ermənilər arasında Bakı ilə dialoqun vacibliyini deyən başqaları da var. Qarabağ separatçılarının “təhlükəsizlik şurasının keçmiş katibi” və hazırda “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan da Bakı ilə dialoqun tərəfdarıdır. O bununla bağlı bir neçə dəfə çağırış edib. O bildirib ki, Bakı ilə Xankəndi arasında dialoqun başlaması zəruridir: “İnam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik”.

Aydındır ki, Qarabağ separatçıları Bakı ilə dialoqu davam etdirməyə razılaşsalar da, bu onların öz istəkləri ilə tərksilah olunması və Azərbaycan qanunları ilə yaşamağa hazır olmaları anlamına gəlməyəcək. Onlar müqavimət göstərməyə çalışacaqlar. Ancaq separatçılar onu da anlayırlar ki, zaman onların əleyhinə işləyir. Qarabağın əsas kommunikasiya xətləri Azərbaycan ordusunun nəzarəti altındadır, keçmiş illərdə olduğu kimi Laçın yolundan Ermənistandan Qarabağa silah və hərbi texnika keçirmək mümkün deyil. Bu vəziyyət Azərbaycanın Qarabağın tamamını nəzarət altına alacağı günü yaxınlaşdırır. Təsadüfi deyil ki, Azərbaycanda “Qisas-3” əməliyyatı barədə açıqlamalar çoxalıb, hətta dövlət televiziyasının internet saytında bu mövzuyla bağlı sorğu da keçirilir. Bu əməliyyat Azərbaycan ərazisində separatizmin sonunu gətirməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password