Qurban Bayramı ərəfəsində ətin qiyməti: Bazarlarda vəziyyət necədir?
Müsəlmanların müqəddəs bayramlarından biri olan Qurban Bayramına sayılı günlər qalıb. Lakin bayram üçün qurbanlıq heyvan alıb kəsmək istəyənləri maraqlandıran əsas məsələ isə bazarlardakı qiymətlərdir.
“Mediapost” bu il heyvan bazarlarındakı qiymətlərdə hansı dəyişikliklərin olduğu ilə maraqlanıb. Satıcılar qeyd ediblər ki, qurbanlıq qoyunların qiyməti onun kilosundan asılı olaraq dəyişir. 15 kq-lıq quzunun qiyməti 220 manatdan başlayır. Qurbanlıq əti qəssabxanalardan almağa üstünlük verən vətəndaşlar da az deyil. Qəssablar bildiriblər ki, bayram münasibətilə ətin qiymətində artım gözlənilmir. Hazırda mal əti 14, qoyun əti isə 17 manat təşkil edir. Alıcılar isə qiymətlərin bahalılığından şikayətləniblər. Onlara görə, bu il qiymətlər keçən ilkindən daha yüksəkdir.
Qurban bayramında qurbanlıq heyvanların və ətin hər il bahalaşması ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “MediaPost”a açıqlamasında bildirib ki, qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri heyvandarlıqla məşğul olan şəxslərin xərcinin əvvəlki illərdəkinə nisbətən artmasıdır: “Bizim ətrafımızda müşahidə olunan inflyasiya fermerlərə də təsir edir. Onlar saman kipini 5-6 manatdan ucuz ala bilmirlər və bu da heyvanın saxlanma xərclərini artırır. Əvvəllər fermer qazandığı pulla müəyyən tələbatlarını ödəyə bilirdisə, indi həmin tələbatları ödəmək üçün azı 30-40 faiz daha çox pul qazanmalıdır”.
Ekspert həmçinin qiymətlərə təsir edən digər faktorun idxal məsələsi olduğunu qeyd edib: “Əvvəllər idxal məhsulları ucuz gəlirdi. Artıq inflyasiya prosesləri idxal qiymətlərini də kəskin artırıb. Bizə xüsusi mənfi təsir edən isə Ukraynadan bazarımıza ucuz ətin, heyvandarlıq məhsullarının gəlməməsidir. Ukrayna ucuz mənbələrdən biri olduğuna görə rəqabət yaradırdı və ucuz məhsullar imkan vermirdi ki, digər yerli məhsullar daha baha olsun. İndi isə bu faktor artıq yoxdur”.
O bildirib ki, idxal məhsulları bahalaşdığına və fermerlərin xərcinin artmasına görə qiymətlər də mümkün olduğu qədər artırıla bilir.