İki ölkə Türkiyəyə 90 milyard dollar dəstək verdi
Türkiyədə keçirilən son seçkilərdə Cümhur İttifaqının əsas müttəfiqlərindən biri varlı Körfəz ölkələri idi. Onlar açıq şəkildə Tayyib Ərdoğana dəstək verirdilər. Sayın Ərdoğanın qələbəsi üçün Körfəz ölkələri maliyyədən tutmuş siyasi dəstəyə qədər, bütün istiqamətlərdə səfərbər olmuşdu.
Bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
“Sirr deyil ki, Körfəz ölkələri əvvəllər daha çox ABŞ-ın yedəyində sürünürdü. Türkiyə ilə isə Körfəz ölkələrinin münasibətləri o qədər də hamar deyildi. Xüsusən səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda qətlindən sonra Ankara ilə Ər-Riyad arasında münasibətlər gərginləşmişdi.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əs-Saudin adının bu qətldə hallanması vəziyyəti daha da pisləşdirirdi. İş o yerə çatmışdı ki, Türkiyə Avropa ölkələrini Camal Qaşıqçı olayına biganə qalmamağa səsləyirdi. Bir çox siyasi təhlilçi bu məsələdə Türkiyənin tutduğu mövqeyin aşırı sərt olmasını yanlış hesab edirdilər.
Müəyyən müddət sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri yenidən əvvəlki axarına döndü. Körfəz ölkələri içərisində Səudiyyə Ərəbistanı dominant mövqelərə sahibdir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə biz bunun şahidi olduq. Ər-Riyadın təkidi ilə digər Körfəz ölkələri də Qətərə qarşı qalxdı. O vaxt Türkiyə Qətərə hərtərəfli dəstək verdi”, – o bildirib.
E.Həsənli vurğulayıb ki, qaz və neft ixracından fantastik paralar qazanan Körfəz ölkələri ilə İran arasında münasibətlər uzun müddət düşmənçilik həddində olub:
“Düzdür, son aylarda Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında anlaşma əldə olunub. Ancaq əvvəllər Körfəz ölkələri İran təhlükəsindən sığortalanmaq üçün Amerika ilə ittifaqda olmağa məhkum idi. Amerika isə Körfəz ölkələrini İran təhlükəsindən qoruduğuna görə açıq şəkildə bac-xərac alırdı.
Hazırda Körfəz ölkələri bu baxımdan gözlərini Türkiyəyə dikib. Bəllidir ki, Türkiyənin kifayət qədər güclü hərbi dəniz qüvvələri var. Körfəz ölkələri istəyir ki, bu ölkələri hər hansı kənar hərbi müdaxilədən məhz Türkiyə qorusun. Çünki Körfəz ölkələri Amerika ilə müqayisədə Türkiyəyə daha çox etibar edirlər.
Son vaxtlarda Körfəz ölkələri Çinlə də yaxınlaşmağa başladılar. Nəticədə Amerika ilə Körfəz ölkələri (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) arasındakı münasibətlər daha da soyuyub. Türkiyədəki seçkilərdə cənab Ərdoğana dəstək verməklə Körfəz ölkələri Kamal Kılıçdaroğlunun tərəfində yer alan Amerikadan bir qədər də uzaqlaşdı.
Türkiyədə keçirilən səsvermənin nəticəsindən cəmi üç gün sonra Birləşmiş Ərəb Əmirlikləri 40 milyard dollarlıq 5 illik ticarət müqaviləsini ratifikasiya etdi. Səudiyyə Ərəbistanı da Türkiyə ilə iqtisadi müqavilələr bağlamağa başlayıb, neft şirkəti “Saudi Aramko” (dünyanın ən bahalı şirkətlərindən biri) Türkiyənin paytaxtında 80 podratçı ilə 50 milyard dollar dəyərində potensial layihələri müzakirə etmək üçün bir araya gəlib. Bu barədə ispan, fransız və ingilis dilində yayımlanan Atalayar TV media mərkəzi xəbər yayıb.
Şübhəsiz ki, digər Körfəz ölkələri də, xüsusən Qətər bu prosesdən kənarda qalmayacaq. Xatırladım ki, Qətərdə Türkiyənin hərbi bazası da var. Yaxın Şərqdə ilk hərbi baza olan bu hərbi mərkəz (paytaxt Dohada yerləşir) 2016-cı ildən fəaliyyətdədir və orada 5 min türk əsgəri xidmət edir. Maraqlıdır ki, Osmanlı əsgərləri Qətəri tərk edəndən bir əsr sonra türk əsgəri yenidən geri döndü və bu proses daha da genişlənəcək. Digər Körfəz ölkələrində də Türkiyə hərbi bazalarının açılması gündəmdədir”./axar.az