Ötən il Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 10 milyon manatdan çox artıb
Ötən il Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Aktualinfo.org-un xəbərinə görə, 2019-cu ildə fonda manatla toplanan vəsaitin həcmi 10 milyon 441 min 835,09 manat artıb.
Belə ki, ötən ilin yanvarın əvvəlindək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği 96.449.530,00 manat təşkil edibsə, 2020-ci ilin yanvarın 8-də bu məbləğ 106.891.365,09 manata çatıb. Bu isə 10,8% artım deməkdir.
Ötən il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna avro ilə daxil olan vəsait 2 min 430 avro artıb. Bu dövr ərzində fonda toplanan dollar və rubl vəsaitində dəyişiklik olmayıb.
Qeyd edək ki, cari il yanvarın 8-dək fonda ümumilikdə 106.891.365,09 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait toplanıb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.