İrəvan geri çəkildi: kəndlər uğrunda döyüşlər başlaya bilər
İrəvanın mövqeyi 8 kəndi qaytarmaq niyyətində olmadıqlarını göstərir.
Bunu politoloq Asif Nərimanlı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh danışıqları ilə bağlı açıqlaması haqda bildirib.
Politoloq hazırda İrəvanın əsas narazılığının 8 kənd məsələsi olduğunu qeyd edib:
“Xarici İşlər Nazirliyinin Armen Qriqoryana verdiyi cavab xəritə məsələsinə də aydınlıq gətirdi.
– Delimitasiyanın 1975-ci il xəritəsi üzrə aparılması iddiası doğru deyil:
– 8 kəndin qaytarılması ilə bağlı şifahi razılaşma var və Ermənistan bundan imtina edir;
Söhbət 10 Noyabr razılaşmasından gedir. Məlumatlara görə, 8 kəndin qaytarılması da Bakı tərəfindən bəyanata daxil edilib, lakin müharibədəki itkilər fonunda Paşinyanı daha da çətin vəziyyətə salmamaq üçün son anda bu məsələ çıxarılıb və növbəti mərhələyə saxlanılıb. Bunu Şuşaya “İsgəndər” raketlərinin atıldığını etiraf edən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan demişdi”.
Onun sözlərinə görə, kəndlər məsələsində problemin yaradılması məsələnin başqa istiqamətdə həllinə təkan verir:
“Azərbaycan XİN delimitasiya prosesinin hansı əsasda aparılmasına dair qeyd edir ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, rəsmi Bakı ərazi bütövlüyünün BMT nizamanməsinə uyğun qarşılıqlı şəkildə tanındığı sülh müqaviləsinin imzalanmasını istəyir, delimitasiya prosesinin isə sonrakı mərhələdə həyata keçirilməsinin mümkünlüyünü nəzərə alır.
Bu, danışıqlar masasındakı vəziyyətdir, lakin İrəvanın mövqeyi 8 kəndi qaytarmaq niyyətində olmadıqlarını göstərir. Ki, bu da real vəziyyəti – problemin həllinin başqa formalarını aktuallaşdırır”./axar.az