“Putin ölümündən əvvəl Rusiyanın paraçalanacağını görəcək” – “Bu, Putinin sonunun başlanğıcıdır…”
“Türkiyə də Rusiyada yaşayan türk xalqlarının təhlükəsizliyini təmin etmək üçün addım ata bilər”
“Putin ölümündən əvvəl Rusiyanın necə paraçalanacağını görəcək”.
Bunu ABŞ-dan olan siyasi təhlilçi Luke Koffey Böyük Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.
Koffey hesab edir ki, Vladimir Putinin ölümü tezliklə Rusiyanın parçalanması ilə müşayiət olunacaq: “Razıyam ki, bu, Putinin sonunun başlanğıcıdır. Hazırkı gedişat Putinin devriləcəyindən və Rusiya Federasiyasının parçalanacağından xəbər verir. Bildiyimiz kimi, indiki Rusiya 500 il əvvəl yaranıb. Son 200 il ərzində çarlıq yeni ərazilər tutaraq qərbdə Avropaya, şərqdə isə Sakit okeana qədər genişlənib. İmperiya Birinci Dünya Müharibəsindən sonra dağılıb və Sovet İttifaqı yaranıb. Müasir Rusiya isə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ortaya çıxıb. Lakin hesab edirəm ki, son çöküş hələ bitməyib. Sovet İttifaqı hələ də parçalanır. 1991-ci ildə müstəqil olan ölkələr yavaş-yavaş Rusiyanın təsir dairəsindən uzaqlaşırlar. Düşnürəm ki, son parçalanma Rusiyanın Ukraynada həlledici məğlubiyyəti ilə başlayacaq. Çoxları bunun Ukraynanın bu yay gözlənilən əks-hücumundan sonra baş verəcəyinə ümid edir. Lakin hərbi ekspertlər müharibənin hələ uzun illər davam edə biləcəyi barədə xəbərdarlıq edirlər”.
Koffey bildirib ki, Rusiya məğlub olacağı təqdirdə rus elitası iki qrupa bölünəcək:“Birinci qrup iddia edəcək ki, “Əgər biz müharibə zamanı hakimiyyətdə olsaydıq qalib gələrdik”. İkinci qrup isə öz sərvətlərini və qüdrətini qorumaq üçün qan tökülməsini dayandırmaq və Qərblə münasibətləri normallaşdırmaq xəttindən çıxış edəcəklər. Ancaq istənilən halda, Putin sonda öləcək və ya sürgünə göndəriləcək”.
“Putinin getməsi ilə birlikdə Rusiyanın müxtəlif bölgələrində cəbhədən qayıdan əsgərlər Moskvaya qarşı ayağa qalxacaq və müstəqillik tələb edəcəklər. Bu, gözlənilməz və bəzi yerlərdə çox şiddətli olacaq. Biz narazı insanlar arasında üsyanların olacağını görəcəyik. Moskva öz maraqlarına uyğun olan hansı koalisiya ilə bazarlığa gedəcəyinə dair kritik qərar qəbul etməli olacaq”- deyə, Koffey bildirib.
Koffey qeyd edir ki, Çin Rusiya tərəfindən haqsız şəkildə əlindən alınan ərazilərinə iddia irəli sürə bilər. Ekspert Türkiyənin də Rusiyada yaşayan türk xalqlarının təhlükəsizliyini təmin etmək üçün addım ata biləcəyini deyir. Koffey Qərbin də 6000 nüvə başlığına sahib olan Rusiyanın paraçalanmasına səssiz qalmayacağını düşünür.
Koffey həmçinin hesab edir ki, Qərb Kiyevə silah tədarükünü dayandırsa belə, Ukrayna Rusiya ilə döyüşməyi dayandırmayacaq. /azpolitika.info”