“PAŞA Holding”dən “Trendyol” açıqlaması: İddiaya aydınlıq gətirildi
“Biz inanırıq ki, “Trendyol”un “PAŞA Holding” ilə əməkdaşlığı həm Azərbaycanda, həm də Türkiyədəki müştərilərə, satıcılara və istehsalçılara müsbət təsir göstərəcək”.
Bu barədə sorğusuna cavab olaraq “PAŞA Holding”in Korporativ Kommunikasiyalar bölməsindən bildirilib.
Qeyd edək ki, aprelin 29-da Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanın aparıcı biznes qrupu olan “PAŞA Holding” ilə müqavilə bağlayıb.
Sözügedən əməkdaşlıqdan sonra əksər kəsimi şirkətin qiymət siyasəti düşündürür: “Trendyol”un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər sərfəli olacaqmı?
Şirkətdən bildirilib: “Müştərilərə münasib qiymətlərlə geniş çeşiddə məhsullara sürətli çıxış təklif etməklə yanaşı, iki təşkilat arasındakı əlaqə, iş yerlərinin yaradılması, daxili çatdırılma xidmətlərinin inkişafı və xarici investisiyaların ölkəmizə axını kimi faydalar gətirəcək”.
“Trendyol” üzərindən edilən alış-veriş əməliyyatlarında əsasən hansı bankın ödəniş sistemindən istifadə olunmasına gəlincə, Holdinqdən qeyd olunub ki, yeni şirkət yeni tətbiq təqdim etməyəcək:
“Sifarişlər isə bundan öncə olduğu kimi B2C (biznesdən istehlakçıya) modeli ilə qəbul ediləcək. Bu, hər iki ölkənin maraqlarına xidmət edən və “Trendyol” müştərilərinin Türkiyə və Almaniyada istifadə etdiyi eyni qüsursuz e-ticarət təcrübəsini təqdim edən fəaliyyət olacaq.
Əminik ki, “PAŞA Holding”in Azərbaycan bazarındakı təcrübəsi və “Trendyol”un texnologiya, logistika və istehsalat sahəsindəki təcrübəsinin yaratdığı sinerji indi və gələcəkdə Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına mühüm töhfələr verəcək”.
Maraqlıdır, yeni anlaşma azərbaycanlı istifadəçilərin Türkiyədəki “Trendyol”dan sifariş etməsini məhdudlaşdıracaqmı?
“PAŞA Holding” yaxın gələcəkdə mövzu üzrə daha da ətraflı məlumat verməyi nəzərdə tutub./teleqraf.com