Əməkdar mühəndis Saleh Sadıqovun yeni monoqrafiyası işıq üzü görüb
Bu günlərdə Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurası tərəfindən çapa tövsiyyə olunmuş, YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının sədri, Respublikanın “Əməkdar mühəndis”i Saleh Sadıqovun “Muğan-Salyan massivində suvarılan torpaqlardan istifadənin iqtisadi aspektləri” monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Azərbaycan Respublikası Muğan-Salyan massivinin suvarılan torpaqlarında meliorativ vəziyyəti, ona təsir edən amillər, kənd təsərrüfatı bitkiləri altında torpaqların mənimsənilməsi prosesində meydana çıxan çatışmazlıqlar, münbitliyə və məhsul artımına təsir edən amillər, torpaqların iqtisadi qiymətləndirilməsi və sair aktual məsələlər öz əksini tapmışdır.
Kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Qabil Manafov, rəyçilər isə aqrar elmlər üzrə fəlsəfə doktoru. dosent M.F.Qurbanov, və iqtisad elmləri üzrə fəlsəfə doktoru V.R.Rzayevdir.
Məlum olduğu kimi Respublika Prezidenti möhtərəm İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına yönəldilmiş iqtisadi siyasətinin əsas tərkib hissələrindən biri kimi aqrar bölmədə istehsalın yüksək istehsal gücünə çatdırılması, ölkə əhalisinin ərzaq məhsulları ilə təhlükəsiz şəkildə təmin edilməsi üçün bir çox sərəncamlar verilmiş, “Azərbaycan Respublikasında kənd təsərrüfat məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” kimi yüksək səviyyəli dövlət sənədlərində bu istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur.
Bu baxımdan Saleh Sadıqovun yeni nəşr olunmuş kitabını heç tərəddüd etmədən respublikamızın kənd təsərrüfatı, xüsusən də suvarma və meliorasiya sahəsində mövcud olan problemlərin yaranma səbəblərini və həlli yollarını göstərən bir vasitə hesab etmək olar. Çünki, bu günə qədər bəzi iqtisadi rayonlarında torpaqların keyfiyyətinin mövcud qiymətləndirmə metodikasının özündə hələ də onun xüsusiyyətlərinin daha dəqiq nəzərə alınması məsələsi lazımi şəkildə öz həllini tapmamışdır. Belə ki, torpaqların keyfiyyətcə qiymətləndirilməsi zamanı onların müvafiq zaman anına uyğun məhsuldarlığı və həmin məhsuldarlığın mənimsənilmə dövründə qorunub saxlanılması və yüksəldilməsi üçün tələb olunan kapital qoyuluşunun səviyyəsi qiymətləndirmənin aparılması zamanı lazımi səviyyədə nəzərə alınmır. Bununla bərabər, onların keyfiyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə müvafiq xassə göstəricilərinə dair məlumatların toplanılması zamanı göstəricilərin qiymətlərinin dəqiqliyinin artırılması üçün müvafiq xassə göstəricisinin hesabı qiymətindən istifadə edilməlidir ki, bunun üçün statistik təhlilin aparılmasının məqsədəuyğun olduğu kitabda göstərilir.
Müəllif kitabda statistikaya əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası məhdud suvarılan torpaq fonduna malikdir və bu torpaq fondunun meliorativ vəziyyətinin, xüsusilə onların münbitliyinin qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi ölkənin ərzaq təhlükəsizliyinin, əkinçiliyin inkişaf etdirilməsi ilə kənd təsərrüfatında iqtisadi inkişafın təmin edilməsi, neftdən asılılığın aradan qaldırılması və s. məsələlərin həlli baxımından vacibdir. Bundan ötrü ilk növbədə torpaq fondunun həcmini, tərkibini, dövriliyini, keyfiyyətini, yaxşılaşdırılmasını və torpaqdan istifadəni sistemli və hərtərəfli xarakterizə edən göstəricilərin, eləcə də torpaq fondu göstəriciləri ilə kənd təsərrüfatı statistikasının digər bölmələri arasındakı ǝlaqəni aşkar edən əlavə göstəricilərin müqayisəsinin və statistik təhlilin aparılması əsasında ölkənin mövcud suvarılan torpaq fondundan səmərəli istifadənin yollarını müəyyən etmək mümkündür.
Ona görə də, respublikanın aqrar sektorunda iqtisadi inkişaf baxımından torpaqdan istifadənin sosial, ekoloji və hidrogeoloji- meliorativ durumunun müəyyən edilməsi üçün müvafiq statistik təhlilin aparılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə yollarının müəyyən edilməsi aktual olub və mühüm elmi-praktiki əhəmiyyət kəsb edir.
Odur ki, suvarma və meliorasiya sahəsinin mütəxəsisi, əməkdar mühəndis olaraq Saleh Sadıqov qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin araşdırılmasını təklif edir.
1. Tədqiqat obyektində torpaqdan və sudan istifadənin indiki vəziyyətinin təhlili və mövcud çatışmazlıqların müəyyənləşdirilməsi;
2. Suvarılan torpaqların balansının, onlardan istifadənin əsas göstəricilərinin, kənd təsərrüfatında istifadəsi səviyyəsinin müəyyənləşdirilməsi;
3. Torpaqların iqtisadi qiymətləndirmə metodunun va torpaq- qiymətləndirmə göstəricilərinin seçilməsi, torpaqların iqtisadi qiymətləndirilməsi;
4. Suvarma suyunun iqtisadi mahiyyətinin və sudan istifadənin statistikasının təşkili qaydasının müəyyənləşdirilməsi;
5. Torpaqdan və sudan səmərəli istifadə üzrə müvafiq tədbirlərin hazırlanması.
Aparılmış tədqiqatlar aşağıda sadalanan ən mühüm məsələlərin elmi və nəzəri əsaslarının işlənib hazırlanmasına imkan vermişlər.
- Suvarılan torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi zamanı ərazinin hidrogeoloji-meliorativ şəraitinin xarici təsirə qarşı həssaslığına uyğun yanaşma tərzi əsaslandırılmış;
- Bazar iqtisadiyyatı şəraitində torpaq ehtiyatlarından istifadə vəziyyəti, problemləri və qiymətləndirilməsinin əsasları işlənilmiş;
- Suvarılan torpaqlar üzərində qurulmuş stasionar hidrogeoloji-meliorativ rejim-müşahidə şəbəkələrində aparılmış çoxillik müşahidə məlumatlarının emalı ilə ilk dəfə olaraq suvarılan torpaqlarda müasir təsərrüfatçılıq şəraiti ilə əlaqəli baş verən dəyişikliyin istiqaməti müəyyən edilmiş torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri əsaslandırılmışdır;
- Tədqiqat obyektində istifadəyə yararlı torpaqlardan səmərəli istifada səviyyəsi və bitkiçilik məhsulları istehsalının iqtisadi effektivliyi müvafiq statistik göstəricilər əsasında təhlil edilmiş, bitkiçilik üzrə iqtisadi inkişafın təmin olunması üzrə konseptual müddəalar əsaslandırılmışdır;
- Tədqiqat obyekti torpaqlarının iqtisadi qiymətləndirilməsi aparılmış elmi-tədqiqat işlərinin nəticələri və statistik məlumatlar əsasında müvafiq metodikalarla qiymətləndirilmiş, torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə dayanıqlı suvarma və məhsul istehsalı tədbirləri əsaslandırılmışdır.
Aparılmış elmi- tədqiqat işləri nəticəsində müəllif tərəfindən Muğan-Salyan kadastr rayonunda torpaq və su ehtiyatlarından effektiv istifadə və mühafizəsi səviyyəsinin yaxşılaşdırılmasına imkan verən və istehsalata tətbiq üçün tövsiyə təklif edilmişdir. Kitabda müəllif tərəfindən verilən tövsiyyələrin yerinə yetirilməsi prosesində qarşıya qoyulmuş məsələlərin həllinə yanaşma tərzi respublikanın digər suvarılan torpaqlarında su və torpaq ehtiyatlarından səmərəli istifadənin təmini məqsədi ilə müvafiq tədqiqatlarin aparılması zamanı metodiki olaraq tətbiq oluna bilər.
Qeyd edək ki, monoqrafiya meliorasiya və torpaqşünaslıq, iqtisadiyyat sahəsində çalışan elmi-tədqiqat, layihə- axtarış işləri ilə məşğul olan mütəxəsislər, fermerlər kənd təsərrüfatı işçiləri, fərdi sahibkarlar və s. üçün nəzərdə tutulub. Kitabdan həmçinin müvafiq ali təhsil müəssisələrinin elmi işçiləri, bakalavr və magistrantlar da istifadə edə bilər.
Xüsusilə qeyd etmək istərdik ki, Respublikanın “Əməkdər mühəndis”i Saleh Sadıqovun hidrogeoloji-meliorativ şəratin formalaşma və dəyişmə qanunauyğunluqlarını, ölkəmizdə su və torpaq ehtiyyatlarından səmərəli istifadə, torpaqların münbitliyinin idarə olunma prinsiplərini tədqiq edən ” Pambıqçılığın inkişafı ilə əlaqədar Kür-Araz ovalığının hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi və tənzimlənməsi” adlı birinci monoqrafiyası isə 2017-ci ildə nəşr olunub.
Aktualinfo.org