“Bu,hələ başlanğıcdır…” – Ermənilər Azərbaycanın “amnistiya təklifi”ndən niyə qorxurlar?

 

Prezident İlham Əliyevin Qarabağdakı separatçı rejimin başçılarına amnistiya verilməsinin mümkünlüyü barədə fikirləri Ermənistanda və Qarabağda qalan separatçı tör-töküntüləri arasında birmənalı qarşılanmayıb. Xüsusilə də ABŞ Dövlət departamentinin Azərbaycan Prezidentinin məlum açıqlamasını alqışlaması Ermənistandakı revanşist qüvvələri və Qarabağdakı “quldurbaşılar”ı bərk təşvişə salıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti Laçında mümkün amnistiya ilə bağlı bunları deyib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Xankəndində – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

ABŞ Dövlət departamentinin rəsmisi Metyu Miller isə İlham Əliyevin amnistiya ilə bağlı bu fikirlərini alqışladıqlarını bəyan edib. Bu, o deməkdir ki, ABŞ da Azərbaycan Prezidentinin tələb və təkliflərilə razılaşır. Ermənistanda və separatçı rejimin rəhbərliyində isə bunu az qala Vaşinqtonun ermənilərə “xəyanəti” kimi qələmə verirlər. Qondarma qurumun “xarici işlər nazirliyi”nin bəyanatında bildirilir ki, ABŞ-ın bu mövqeyindən “dərin məyusluq və çaşqınlıq” keçirirlər.

Bundan öncə ABŞ-dakı erməni diasporunu özündə birləşdirən erməni milli komitəsi(ANCA) hətta Co Baydenin erməni məsələlərilə bağlı siyasətini “ağılsız siyasət” adlandırıb və Ağ evi kəskin tənqid edən bəyanatla çıxış edib.

Hazırda Vaşinqtonun bu “xəyanəti” Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzudur. Məsələn, “news.am”-a danışan erməni politoloq Edqar Elbakyan ABŞ-la Azərbaycan arasında hansısa “pərdəarxası danışıqlar” getdiyini iddia edib. Onun dediyinə görə hər şey Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ətrafında cərəyan edir.

ABŞ Dövlət Departamentinin son açıqlamasını şərh edən Elbakyan deyib: “ABŞ-ın bu bəyanatını belə başa düşmək olar: “Əgər Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanımısınızsa, bu ərazidə (Xankəndində-red.) hansı prezidentdən söhbət gedə bilər?”.

Erməni politoloq hesab edir ki, Azərbaycan Prezidentinin məlum bəyanatı və ABŞ-ın buna müsbət münasibəti Xankəndində separatçı rejimin aradan qaldırılmasının başlanğıcıdır: “Bunun ardınca Ermənistan tərəfindən(qondarma qurumun) maliyyələşdirmənin dayandırılması, pasport məsələsi, dərsliklər məsələsi və s. qoyulacaq. Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra, onun əlində heç bir təsir rıçaqı qalmayıb”.

Politoloq hesab edir ki, bu, “klassik kapitulyasiya siyasəti”dir və danışıqlar yalnız bunun ətrafında aparılır.

Əlbəttə ki, erməni politoloqun dediklərində həqiqət var. Ancaq sözügedən politoloq da daxil olmaqla, erməni siyasi isteblişmenti vaxtında bütün xəbərdarlıqlara diqqət etməli və anlamalı idi ki, uzun illər davam edən işğalçılıq siyasəti nə zamansa “kapitulyasiya siyasəti” ilə əvəz olunacaq…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password