Büdcə dəyişikliyi: Əməkhaqqı və pensiyaya necə təsir edəcək?

 

Xəbər veridiyimiz kimi, ötən gün “2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773 milyon 978 min manatdan 33 milyard 779 milyon 500 min manat, xərcləri üzrə proqnoz isə 33 milyard 353 milyon 278 min manatdan 36 milyard 568 milyon 800 min manata qaldırılır.

Beləliklə, büdcə gəlirləri 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7%, büdcə xərcləri isə 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6% artırılır.

Eyni zamanda dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

Qanun layihəsində Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2% azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilməsi də öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40% azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9,5 milyon manat və yaxud 8,6% artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılması nəzərdə tutulub.

İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov qanuna dəyişikliyi şərh edib.

Ekspert büdcəyə dəyişikliyin gözlənilən olduğunu bildirib: “Hətta deyərdim ki, büdcəyə dəyişiklik labüd idi. Çünki işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə bağlı çağırışlar, büdcədə nəzərdə tutulandan xeyli dərəcədə çox xərclərin olması bunu zəruri edirdi. Bu ehtiyacı 2023-cü ilin dövlət büdcəsi təsdiq ediləndə də görmək olardı. Eyni zamanda real iqtisadi konyunktura da buna imkan verir. Neft dünya bazar qiymətləri büdcədə nəzərdə tutulandan yüksəkdir.

Məlumdur ki, iqtisadiyyatın dinamik inkişafında kapital qoyuluşu mühüm rol oynayır. Bu mənada ölkəmiz hazırkı şəraitdə dünya bazarlarındakı qeyri-müəyyənliyi nəzərə alaraq neftdən əldə olunan gəlirləri daha çox daxili sərmayə qoyuluşlarına cəlb edir. Bütün bunlar büdcədə xərclərin artırılmasını vacib edirdi”.

Analitik qeyd edib ki, gəlirlərin artması ilk növbədə neftin dünya bazar qiymətlərinin dövlət büdcəsində nəzərdə tutulandan yüksək olması ilə bağlıdır: “Bundan əlavə, yığımlar da çoxalır. Bu, həm inflyasiya, həm də Vergilər Nazirliyinin, həm Gömrük Komitəsinin, həm də sığorta xətti üzrə yığımların artması ilə əlaqəlidir. Bütün bunlar büdcə gəlirlərinin artmasını şərtləndirən amillərdir. Ona görə də dövlət büdcəsinə yenidən baxılmalı idi”.

Elşad Məmmədov hazırda xərclər və gəlirlər hissəsi artırılmış Azərbaycan dövlət büdcəsini tam optimal hesab etmir: “Düşünmürəm ki, mövcud büdcə ən əlverişli hesab oluna bilər. Çünki beynəlxalq normativlər və indikatorlar var. Son 10 illiklərin dayanıqlı brendi ondan ibarətdir ki, milli iqtisadiyyatın həcminin təqribən 60 faizə yaxını büdcə vasitəsilə iqtisadiyyata qaytarılmalıdır. Ona görə də bugünkü rəqəmlərə baxanda bu göstəricilərdən uzaq olduğumuzu görmək olar.

Qənaətimcə, büdcə həcminin tədricən artırılmasına nail olmalıyıq. Çünki həm sosial yönümlü layihələr çox aktiv şəkildə icra olunmalıdır, həm investisiyaların, həm də müdafiə xərcləri artımı ilə bağlı müvafiq çağırışlar var. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin hələ uzun müddət artan xətt üzrə inkişaf etməsini gözləmək olar”.

Büdcə dəyişikliyinin əməkhaqqı və pensiya fonduna şamil olunmasına gəlincə, müsahibimiz bu istiqamət üzrə mütəmadi qərarların qəbul olunduğunu deyib: “İlin əvvəlindən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edildi. Eyni zamanda pensiyalar inflyasiya ilə indeksləşdirilərək 14,7 faiz artırıldı. Ehtimal ki, əgər ilin sonuna kimi inflyasiya ilə bağlı hər hansı kəskin meyllər olarsa, hökumət buna reaksiya verəcək. Amma böyük ehtimalla növbəti indeksasiya – dövlət qurumlarında, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaş və pensiya artımını gələn ilin əvvəlindən gözləyə bilərik”.

Prezidentin ehtiyat fondunun 40 faiz azaldılmasına toxunan ekspert hesab edir ki, fondların ehtiyat həcmlərinin azaldılmasına ehtiyac var: “Həmin vəsaitin daha çox ölkə iqtisadiyyatına yatırılmasına nail olmalıyıq. Əgər idxaldan asılılığı azaltmaq və inflyasiya ilə mübarizə aparmaq istəyiriksə, daha çox məhsul istehsal etməliyik. Daha çox məhsul istehsalı isə daha çox iş yerlərinin açılması deməkdir.

İnvestisiya çatışmazlığı hazırda iqtisadiyyatımızda ən dərin problemlərdən biridir. İnvestisiyalar artmalıdır və buna görə də qeyd edilən fond, eləcə də Dövlət Neft Fondu da ölkə iqtisadiyyatında daha çox yatırımlar mənbəyi kimi çıxış etməlidir. Effektiv şəkildə investisiyaları artırmalıyıq. Hesab edirəm ki, fondların tutumu azaldılmalı, məqsədli investisiyaların həcmi artırılmalıdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password