Qarabağla bağlı ABŞ, AB və Rusiya buna razıdır
Azərbaycan Ordusu Ermənistan ordusundan güclüdür. 2,5 ildən sonra 5 illik Soçi razılaşması başa çatacaq və o zaman Azərbaycan ordusu bütün Qarabağı güc yolu ilə tam nəzarətə götürə bilər. Ermənistan Rusiya və KTMT-ni Ermənistan uğrunda vuruşmağa məcbur etməyə çalışdı. Lakin uğursuz oldu. Ona görə də Paşinyan Qarabağın Azərbaycan olduğunu etiraf etməyə hazırdır. Amma Nikol Qarabağı sadəcə olaraq Azərbaycana təslim etsə, devrilməkdən və ya öldürülməkdən qorxur.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Buna görə də Paşinyan Qarabağın erməni icmasına Azərbaycanın tərkibində muxtariyyət verilməsinə çalışır. Nikol həmçinin beynəlxalq təşkilatın bu muxtariyyətin qarantı olmasını da tələb edir. Amma Azərbaycanın çox güclü tarixi təcrübəsi var. Əgər ermənilərə muxtariyyət verilsə, onlar ilk çətin zamanda Bakını kürəyindən bıçaqla vuracaqlar. Bu səbəbdən də Bakı Qarabağın erməni icmasının muxtariyyətinin qəti əleyhinədir. Azərbaycan beynəlxalq təşkilatın Qarabağda uzunmüddətli roluna da qarşıdır. Bakı anlayır ki, AB ora daxil olsa, o zaman onları oradan çıxarmaq çətin olacaq. Azərbaycan Qarabağ ermənilərinə bütün digər vətəndaşları kimi müdafiə təklif edir. Azərbaycan çoxmillətli cəmiyyətdir. Multikulturalizm isə Azərbaycanın rəsmi ideologiyasıdır”, – o bildirib.
Markov qeyd edib ki, hazırda dünyadakı erməni diasporu qəzəb püskürür:
“Ona görə də çox güman ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olacaq. Muxtariyyətdən bəhs edilmir. Ola bilsin ki, Qarabağın erməni icması üçün bir növ təhlükəsizlik təminatı barəsində müvəqqəti razılaşma da olsun. Bakı da istərdi ki, ermənilərin bir hissəsi Qarabağda qalsın. Azərbaycan necə müasir və humanist dövlət olduğunu hər kəsə göstərmək istərdi. Qarabağın tam Azərbaycan ərazisi olması ilə həm Rusiya, həm ABŞ, həm də AB razılaşır. Ermənilər də bunun qaçılmazlığını anlayırlar”./axar.az