Əliyevin Aİİ-nin iclasında Zəngəzur dəhlizinə vurğusu: Paşinyan niyə sənəd imzalamaq istəmir?
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi (Aİİ) Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etdi.
Əliyevin iştirakı heç bir halda Azərbaycanın bu quruma üzv olacağı anlamına gəlmir.
Azərbaycan, sadəcə, dayanıqlı və özünü təmin edən iqtisadiyyatını xarici siyasətlə əlaqələndirmək və onu daha da böyütmək üçün Aİİ-nin iqtisadi prioritetlərini nəzərdən keçirir.
Ölkəmiz Aİİ-yə daxil olan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstanla sıx iqtisadi-siyasi əlaqələrə malikdir, lakin Birliyin digər üzvü Ermənistanla münasibətlər qurulmayıb.
Azərbaycan Aİİ üzvləri ilə (Ermənistan xaric) beş milyard dollara yaxın ticarət dövriyyəsinə malikdir.
Bu mənada İlham Əliyevin iclasdakı iştirakı Azərbaycanın Aİİ ilə münasibətlərini qiymətləndirmək üçün ali səviyyəli mesajı özündə cəmləşdirir.
İclasdan sonra İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüş keçiriləcək.
Görüşdən öncə, Prezident İlham Əliyevin çıxışı zamanı ən çox diqqəti çəkən məqamlardan biri Zəngəzur dəhlizi layihəsinin beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri fonunda əhəmiyyətini göstərmək idi.
Bu, açılması gözlənilən Zəngəzur dəhlizinin iki böyük qlobal tədarük zəncirlərinə inteqrasiya ediləcəyinin və beynəlxalq dəstək aldığının göstəricisidir.
Ancaq Ermənistan hələ də Zəngəzur dəhlizi ilə bağlı ikibaşlı mövqeyə malikdir və bunu iclas zamanı da nümayiş etdirdi, Paşinyan İlham Əlieyevə cavab verməyə çalışdı.
Paşinyanın mövqeyi yeni bir şey deyil, ancaq Moskvada gözlənilən üçtərəfli görüşə az qalmış diplomatik-siyasi etikadan kənara çıxır.
Əliyev bu kənaraçıxmaları nəzərə alaraq bağlı qapılar arxasındakı danışıqlarda Paşinyana lazımi cavablar verəcək və Paşinyanın uğursuz olduğunu bir daha göstərəcək.
Belə versiya bu fikri gündəmə gətirir ki, Moskva görüşündə hər hansı sənədin qəbul edilməsi gözlənilmir, çünki məhz Paşinyan bunda maraqlı deyil. Görüşün nəticəsi olaraq, ən yaxşı halda birgə bəyanat razılaşdırıla bilər.
Sənədin imzalanmamasına səbəb verəcək digər faktor Rusiya ilə Ermənistan arasındakı gərginlikdir, Moskva görüşü öncəsi iki ölkə arasındakı diplomatik atışmalar da bunu deməyə əsas verir.
Rusiya Prezidenti Vladimir Putin də Ermənistana siqnal ötürdü, o, çıxışı zamanı ölkələrin ərazi bütövlüyünün əsas, fundamental prinsip olduğunu, qalan məsələlərin isə ikinci dərəcəli olmasını bildirdi.
Putinin mövqeyi üçtərəfli danışıqlarda Azərbaycanın əlini güclü edəcək./oxu.az