Azərbaycan Ordusu bu il qəti addım atacaq – General

 

10 noyabr bəyanatının imzalanmasının üzərindən artıq 30 ay keçib. Bəyanatın 4-cü maddəsinə görə, Rusiya sülhməramlıları erməni silahlılarının çıxarılması ilə paralel şəkildə Qarabağda yerləşdirilməli idi. Lakin bəhs etdiyimiz maddə ilə təsbit olunan öhdəlik yerinə yetirilmədi. Baş verənlər rus sülhməramlıların gözünün qabağında olur, onlar terrorçu ünsürlərin fəaliyyətinə göz yumurlar.

Bu sözləri erməni separatçıların rus sülhməramlıların himayəsində Xocalıda keçirdiyi son təlim haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General rus sülhməramlıların bilərəkdən etdiyi bu hörmətsizliyi qəbul etməyin mümkün olmadığını vurğulayıb:

“Bölgədə erməni terrorçuların təxribatlarının qarşısını almaq və onları Azərbaycan torpaqlarından son nəfərinədək çıxarmaq birbaşa Rusiyanın üzərinə götürdüyü rəsmi öhdəlikdir, rus sülhməramlılar da müvəqqəti məsuliyyət bölgələrində bunu mütləq yerinə yetirməlidirlər. Buna görə də bütün baş verən qanunsuzluqlara göz yummalarını və onları himayə etmələrini qətiyyən qəbul etmək mümkün deyil”.

Yücel Karauz təxribatların arxasında sülhü istəməyən və əngəlləməyə çalışan qüvvələrin olduğunu bildirib:

“Digər tərəfdən hazırda sülhün əldə olunması ilə bağlı danışıqlar aktiv fazaya girib, böyük uğurlar da var. Belə bir məqamda Ermənistanın daxilində və xaricindəki müəyyən qüvvələrə nökərçilik edənlər öz ağalarının buyruqlarını yerinə yetirmək, sülhü əngəlləmək üçün belə təxribatlar törədirlər. Fikrimcə, Azərbaycan torpaqlarındakı terrorçu ünsürlərin son nəfərinədək ərazini tərk etməsi və müharibə cinayəti törədənlərin beynəlxalq məhkəmələrdə hüquqi məsuliyyətə cəlb olunması məsələləri də danışıqların predmetidir. Bir az səbir etməliyik. Çünki bayaq da qeyd etdiyim kimi, bu addımların hamısı provokasiya xarakterlidir və hədəfi bəllidir. Azərbaycana terrorçu ünsürlərin ölkə ərazisindən çıxarılması ilə bağlı konkret tarix verilməlidir. Əks-halda rəsmi Bakı sülh müqaviləsini imzalamayacaq. Bölgədə sülh və sabitliyin bərqərar olmasını istəməyən dövlətlər və qüvvələr var”.

General separatçıların Azərbaycana qarşı “hərbi hazırlığı” məsələsinə də toxunub:

“Terrorçu qrupların Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlaması mümkün deyil. Ancaq kiçik və lokal təxribatlar ola bilər, o zaman da başlarına dəmir yumruq enir. Azərbaycan məqamı yetişəndə bu dəmir yumruğu endirdiyinə və həmlələr etdiyinə görə bir neçə ayda çox böyük uğurlar qazandı. Bu il içərisində erməni terrorçu qrupları ilə bağlı ciddi addımların atılacağını düşünürəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password