Paşinyan Bakıdan qaça bilmədi – Ermənistanın xilası üçün “son bilet”

 

Ermənistan baş naziri Nikol Paşinyan ardıcıl keçirtdiyi 3 mətbuat konfransını Qarabağın yox, Ermənistanın taleyinə həsr etdiyini səsləndirdiyi bəyanatlarla nümayiş etdirdi. O, sonuncu konfransda bəyan etdi ki, Qarabağı da Azərbaycana aid olan 86,6 min kvadratkilometr ərazi bütövlüyünə aid edir. Yəni Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını rəsmən bəyan etdi.

Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığını məhz qarşılıqlı olaraq Praqada bildirmişdilər. Lakin sonradan Fransanın prosesləri dalana dirəmək, sülhə mane olmaq üçün Ermənistanı destruktiv istiqamətə yönəltmək cəhdləri öz nəticəsini verdi. Yekun nəticə olaraq Azərbaycan yenə də sonda sevinən tərəf oldu. Daha doğrusu rəsmi Bakı İrəvanı yenidən danışqlar masası ətrafında sülh dialoqunu davam etdirməsinə nail oldu.

Ermənistanın baş nazirinin “Qarabağ Azərbaycandır” tezisini təsdiqləməsi azmış, üstəgəl Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olmasını etiraf etdi. Proseslərin birdən-birə bu məcrada dəyişməsi təəccüblü görünsə də, aydın olur ki, Paşinyan da yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolunun olmadığının fərqindədir.

Əslinə qalsa, bu gün Ermənistan baş naziri hələ keçən ilin oktyabrın 6-da Praqada dördtərəfli formatda (Paşinyan – Əliyev – Makron – Mişel) keçirilən görüş zamanı Qarabağla bağlı məsələni özü üçün “bağlamışdı”. O, məhz həmin zaman bağlı qapılar arxasında danışdığını artıq kameralar önündə deməyə özündə cəsarət tapıb kimi görünür.

Prinsip etibarı ilə Paşinyan bunu son bir ayda artıq bir neçə dəfə təkrarlayıb, lakin Qarabağın adını artıq ayrıca çəkməsi bir neçə istiqamət üzrə sülh razılaşmalarının mövcudluğunu təsdiqləmiş olur. Regionun mənzərəsi 44 günlük İkinci Qarabağ müharibəsindən bu yana sürətlə dəyişməkdə davam edir.

Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu gün dedikləri Prezident İlham Əliyevin rəsmi İrəvandan etdiyi tələblərlə birə-bir eynidir. Amma yaxşı xatırlayırıq ki, Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” çıxışı, ardınca Tovuz hadisələri (2020-ci il iyul), sentyabrda Vətən müharibəsinin başlamasına kimi bütün bu sadalanan proseslərin arxasında Nikol Paşinyanın Azərbaycana qarşı ərazi iddiası dayanırdı.

Demək ki, on minlərlə vətəndaşını Azərbaycanaişğalçı planlarına görə qırğına verən Nikol Paşinyanın bu gün bir ayda bir neçə dəfə müxtəlif platformalarda Qarabağı Azərbaycan ərazisi kimi elan etməsi heç də onun öz xoşu ilə baş vermədi. Bu, o Paşinyandır ki, “Qarabağ Ermənistandır” deərək, Şuşada halay vururdu, Azərbaycana hədə-qorxu gəlirdi.

Hətta müharibədən sonra da Nikol Paşinyan revanş istəyi ilə alışıb-yandığını zaman0zaman gizlədə bilmədi. Lakin Azərbaycanın istət hərb, istərsə də siyasi meydanda verdiyi tutarlı cavablar, atdığı uğurlu addımlar Ermənistan hərbi-siyasi rəhbərliyini fakt qarşısında qoymaqdadır.

Müharibədən sonra Paşinyanın nizami ordu formalaşdırmaq, onu silahlandırmaq üçün çox cəhd göstərməsi, Azərbaycana qarşı ardıcıl təxribatlar planlaşdırması bu deyilənlərin sübutudur. Amma edilən bu cəhdlərin sabun köpüyündən başqa bir şey olmayacağını, əvəzində Ermənistanın daha ağır məğlubiyyətlə qarşılaşacağını dərk edən Nikol Paşinyan bu gün ritorikasında məcburiyyət qarşısında dəyişiklik etməkdədir.

Məhz bu səbəbdən indi rəsmi İrəvan məcbur qalıb Azərbaycan Prezidentinin fikirləri ilə razılaşdığını ictimaiyyətindən gizlədə bilmir və bu reallığın da tez bir zamanda Ermənistan daxilində qəbul olunması istiqamətində fəaliyyətdən qeyrisinin ona ancaq ziyan edəcəyini anlayır. Paşinyanın siyasi xəttindəki bu dəyişikliyin ən böyük səbəbkarı Prezident İlham Əliyevin yürütdüyü siyasətdir ki, məhz bunun nəticəsində indi Ermənistan lideri bütün radikalları, müxalif qüvvələri qarşısına almaq bahasına olsa belə, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməyə məcbur olduğunu başa düşür.

Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü aydın göstərir. Müharibədən sonrakı dövrdə bəziləri suallar verir, Azərbaycanın atdığı addımların səhv olduğunu sübut etməyə çalışırdı. Zaman göstərdi ki, İlham Əliyev nəyi, necə və nə zaman etməyi yaxşı bilir.

Amma ilk baxışda hər şeyin Bakının istıdiyi kimi getdiyi görüntüsü yaransa da Azərbaycan ehtiyyatını əldən verməməlidir. Çünkü hazırda sülhə dair işartılar gözü qamaşdırsa da, mütləq sülhdən danışmaq bir qədər sadəlövhlük olardı.

Hadisələrin hansı məcrada irəliləyəcəyi Prezident İlham Əliyevlə Nikol Paşinyanın mayın 25-də Moskvada gözlənilən danışıqlarından sonra aşkar şəkildə görünəcək və tamamı Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşdə bilinəcək.

Ən böyük səbəb isə yenidən aranı qarışdırmaq istəyən qüvvələrin hələ də mövcud olması, və bunun üçün indi daha güclü səylə yollar aramasıdır. Azərbaycanın şərtlərinin mütləq əksəriyyətinin Ermənistan tərəfindən qəbul edilmədiyinə baxmayaraq, sülhə mane olacaq ən böyük təhlükə regionda at oynatmaq istəyən qüvvələrin rəsmi İrəvana qarşı müxalif dairələrin xidmətindən istifadə etmək imkanlarıdır.

Ermənistan baş nazirinin sülhpərvərliyi irəliyə doğru və Azərbaycanın şərtlərinin qəbul edilməsi baxımından önəmli detaldır, amma bunun davamı gəlməyəcəksə, Paşinyanın bu gün Azərbaycanın ərazis bütövlüyü ilə bağlı verdiyi müsbət siqnallar sadəcə sabun köpüyüdür.

Nəzərə alsaq ki, dəfələrlə Paşinyan bir söz deyib, sonra isə əksini edib. İndi Paşinyan sülhə töhvə ola biləcək bu ritorikasının arxasında dayanıb, sözünün üstündə durmalı və bu istiqamətdə praktiki addımlar ataraq davamlı sülh istiqamətində qətiyyət göstərməlidir.

Paşinyan sadəcə bu saatdan sonra bir şeyi bilməlidir ki, məsuliyyəti çiyinlərindən atacağı təqdirdə Ermənistanı da çıxılmaz bir quyuya itələmiş olacaq./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password