İrəvana gələn nazir erməniləri qorxuya saldı – “Çox pis əlamətdir”
“Ermənistan hakimiyyətinin Qarabağı təhvil verməyə hazırlaşması ilə yanaşı, Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin gözlənilməz səfəri fonunda Ermənistan ətrafındakı Qərb vektoru kəskin şəkildə aktivləşir”.
Bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.
“Müəmmalı təsadüf nəticəsində ABŞ Müdafiə Nazirliyinin nümayəndələri, general-mayor Keyt Fillips və Patrik Prayor eyni gündə Ermənistanda peyda olurlar. Amma britaniyalı nazirin səfərinin məqsədlərini anlamaq daha vacibdir. Bu, adi səfər deyil”, – siyasətçi bildirib.
Abovyan iddia edir ki, Leo Doçerti Britaniyada Türkiyə-Azərbaycan tandeminin maraqlarını müdafiə edən əsas lobbiçilərindən biridir: “Doçerti heç vaxt gizlətmir ki, Türkiyə-Azərbaycanın maraqlarını bütün mümkün platformalarda şiddətlə müdafiə edir”.
Onun sözlərinə görə, britaniyalı nazirin səfəri əsasən Baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamaq üçün maksimum stimullaşdırmaq məqsədi daşıyır. Abovyan liderlərin mayın 25-də Rusiyada keçiriləcək görüşündən əvvəl baş tutan bu səfərin təsadüfi olmadığını bildirib.
“Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycana təhvil verməsi anqlo-sakson planına tam uyğundur, hər şey aydındır. Qərb bunu Cənubi Qafqazda Rusiya-İran təsirini kəskin şəkildə azaltmaq üçün tarixi şans kimi dəyərləndirir”, – sabiq deputat əlavə edib.
Abovyan İrəvanda olarkən britaniyalı nazirin Ermənistan hakimiyyətinə xəbərdarlıq etdiyini iddia edir:
“Yəqin bu səbəbdən nazir Doçerti Ermənistan hakimiyyətini çox ciddi şəkildə xəbərdar edib ki, bu kursdan əl çəkməyə çalışmasın, əks halda onun üçün ciddi problemlər yaranacaq. Onu da güman etmək olar ki, nazir Doçerti İrəvana səfəri zamanı (Cənubi Qafqazda nəqliyyat xətlərinin açılması ilə bağlı) Ermənistanın hakim elitasına birbaşa göstərişlər də verib.
Bir sözlə, Leo Doçertinin Ermənistana səfəri, yumşaq desək, çox pis əlamətdir”./teleqraf.com