Ermənistanda daxili siyasi gərginlik artır – Paşinyanın açıqlaması revanşistləri aktivləşdirib
Simonyan da Paşinyanın mövqeyini dəstəklədi
Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıyacağını bəyan etməsindən sonra Qarabağdakı separatçılar və Ermənistandakı revanşistlər aktivləşiblər.
Qarabağdakı separatçı qurumun sabiq “prezidentləri” və hərbi canilər Arkadi Qukasyanla Bako Saakyan birgə bəyanatla çıxış edəndən sonra Ermənistanın sabiq prezidentləri – digər hərbi cinayətkarlar Serj Sarqsyan və Robert Koçaryan da təxminən eyni məzmunlu bəyanatlar yayımlayıblar.
Onların hər ikisi Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıyacağını əvvəlcədən proqnozlaşdırdıqlarını və buna dair xəbərdarlıq etdiklərini vurğulamaqla yanaşı, dolayısı ilə Paşinyana səs verən Ermənistan əhalisini günahkar çıxarıblar. Koçaryan eyni zamanda, 2021-ci il seçkisində Paşinyanı dəstəkləyən Qarabağdakı qondarma rejim rəhbərlərini də günahlandırıb.
“Daşnaksutyun”-un parlamentdəki təmsilçisi İşxan Saqatelyan Paşinyanın bəyanatına cavab olaraq, müxalifətin etiraz aksiyalarına start verəcəyini bildirib. Həmin partiyanın digər təmsilçisi Artsvik Minasyan isə parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edib.
Lakin görünən odur ki, hakimiyyət sıralarında müxalifətin bu bəyanat və hədə-qorxularından elə də ciddi narahatlıq keçirən yoxdur.
Məsələn, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının katibi Artur Ovannisyan deyib ki, müxalifətdə təmsil olunanların keçmişi onları cəmiyyətdəki dayaqlarından məhrum edib: “Müxalifət daxili siyasət nöqteyi-nəzərindən resurslarını tükəndirib”.
Ovannisyan həmçinin, “daşnaksutyun”-u təmsil edən deputat İşxan Saqatelyanın Nikol Paşinyanın son açıqlamalarını tənqid edən bəyanatını da ciddi qəbul etmədiklərini söyləyib. Hakim partiyanın sözçüsü bildirib ki, Paşinyanın mövqeyinə etirazlar ola bilər və bununla bağlı küçə aksiyalarının keçirilməsi də təbiidir.
Ancaq bununla yanaşı, həmin aksiyalarda qanun pozuntuları olacaqsa, hakimiyyət bunun qarşısını qanun çərçivəsində sərt şəkildə alacaq.
Parlamentin növbədənkənar iclasının çağırılmasına gəlincə, müxalif siyasi qüvvələrin özləri də bunun baş tutacağına inanmırlar. Çünki öncə də buna bənzər mövzularla bağlı növbədənkənar iclas müraciətləri hakim partiyanın səs çoxluğu ilə rədd edilib.
Son açıqlamalar onu göstərir ki, Paşinyan komandası onun Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində mövqeyini tam dəstəkləyir. Belə ki, hakim partiyanın ən önəmli fiqurlarından olan parlament sədri Alen Simonyan növbədənkənar iclasa ehtiyac olmadığına eyham vuraraq, müxalif fraksiyaların yazılı müraciət etməsini istəyib.
Parlament sədri eyni zamanda, Paşinyanın mövqeyini dəstəklədiyini söyləyib: “Əgər sizi mənim rəyim maraqlandırırsa, mən Baş nazirin səsləndirdiyi mövqeyi tam bölüşürəm”.
Beləliklə, bir yandan Paşinyanın oğlunun müharibədə həlak olmuş əsgərin anasını onu oğurlamaq istədiyi üçün məhkəməyə verməsi, digər yandan isə Paşinyanın məlum açıqlaması Ermənistanda daxili siyasi gərginliyi artırıb. Ancaq əksər müşahidəçilər bu gərginliyin Paşinyan hakimiyyətinə ciddi təhlükə törədəcyi, yaxud onun hakimiyyətinin devriləcəyilə bağlı iddialara və müxalifətin hədə-qorxularına pessimist yanaşırlar. /azpolitika.info