Rusiyadakı “mərkəzlər” hərəkətə keçdi: Nikolu devirirlər
SSRİ dövründə erməni millətçilərinin təsis etdiyi “Qarabağ komitəsi”nin fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi. Belə ki, prezident olarkən Minsk Qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı “mərhələli həll” planını qəbul etdi. Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi. Lakin Levon Ter-Petrosyan 1998-ci ildə Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və müdafiə naziri Serj Sərkisyanın timsalında Qarabağ klanının təzyiqi ilə istefa verdi.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, bu gün yenə Qarabağ klanı eyni simalarla peyda olub və eyni ssenarini işə salaraq Levon Ter-Petrosyanın ardıcılı Baş nazir Nikol Paşinyanı devirməyə çalışır:
“Paşinyanın dünənki “Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq” bəyanatı Qarabağ klanını hərəkətə gətirib. Qarabağdakı separatçıların “parlamenti” də Ermənistanın baş nazirini hədəf seçib. İşin içində vaxtilə Levon Ter-Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var. Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq. Ona görə də Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər Qarabağ klanının əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar”.