Brüssel görüşü: Kim hansı gedişi edəcək?

 

Əliyev və Paşinyanın Brüssel görüşünə iki istiqamət üzrə baxmaq olar:

1. Siyasi mərkəzlərin vasitəçilik uğrunda mübarizəsi;

2. Tərəflərin gedişləri və gözlənilən nəticələr.

Bakı-İrəvan münasibətləri üzərindən vasitəçilik mübarizəsində Qərb Rusiya ilə rəqabətdə olsa da, öz daxilində də toqquşur. Vaşinqton, Brüssel, Paris: bu üç platforma arasında Brüssel əsas masadır, Vaşinqton bu formatı dəstəkləyir, lakin prosesə geosiyasi və regional maraqları kontekstində yanaşan Paris əvvəlcə bu formatı mənimsəyə çalışsa da, nəticə əldə edə bilmədiyi üçün özünün təşəbbüskarı olduğu format yaratmaq niyyətindədir, Kişinyovda planlaşdırılan görüş də bundan qaynaqlanır.

Vaşinqtondan sonra, Moskva və Kişinyovdan öncə keçirilən Brüssel görüşü Rusiya ilə yanaşı, Fransanın da önə çıxmaq cəhdlərinə qarşı gediş hesab oluna bilər. Burada Aİ rəhbərliyinin marağı təşəbbüskarı olduqları formatın davamlılığını saxlamaqdırsa, ABŞ-ın istəyi Vaşinqtonda başlanan prosesin Brüsseldə gücləndirilməsidir.

Və həm Moskva, həm də Kişinyova əli güclü getmək istəyən Bakı da görüşdə maraqlı tərəfdir, Brüssel formatında razılaşdırılan məsələlərin yenidən aktuallaşması, xüsusilə Qarabağın daxili işimiz olduğuna dair beynəlxalq mövqeyin möhkəmlənməsi baxımından.

Kim hansı gedişi edəcək?

Görüşdə konkret nəticənin əldə olunacağından daha çox, tərəflərin hansı gedişi edəcəyi gözləntisi var.

Əliyevin gündəliyi bəllidir: ərazi bütövlüyünün tanınması; Ermənistanla sülh müqaviləsi və Qarabağdakı ermənilərlə təmaslar məsələsinin bir-birindən ayrılması.

Bu, Brüssel formatında bundan əvvəl müzakirə edilən və razılaşdırılan məsələlərdir. Və bəllidir ki, bugünkü görüşdə sonuncu dəfə sülh sazişinin hazırlanması üzrə razılaşdırılan məsələlər yenidən gündəmə gələcək.

Lakin əvvəlki görüşlərdən fərqli olaraq Bakı iki məsələ üzərindən xüsusilə dayana bilər:

Birincisi, Qarabağdakı erməni əhalisi ilə təmasların qurulmasında separatçılar faktorudur: Əliyev erməni əhalisinin reinteqrasiyası ilə bağlı təkliflərin qəbul edilməməsi və separatçıların prosesin qarşısını alması faktını gündəmə gətirə, İrəvanın “Bakı-Xankəndi formatı”nın yaradılması və separatçıları “tərəfə” çevirmək oyununa qarşı gediş edə, həmçinin suverenliyimizə qarşı təhdid yaradan separatçıların legitim hədəf olduğu mövqeyini gücləndirə bilər bilər;

İkincisi, sərhədin delimitasiyası prosesində işğal altındakı 8 kəndin qaytarılmasını irəli sürə bilər: Ermənistandakı Aİ missiyasının Bakının istəyi ilə anklavlara baş çəkməsi, xüsusi nümayəndə Tovio Klaarın bir neçə gün öncə “Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı məsələ Ermənistanla delimitasiya çərçivəsində həll olunmalıdır” sözləri arxa planda bu prosesin getdiyi ehtimalını önə çıxarır.

Bu iki məsələdə Ermənistanın mövqeyinin zəifləməsi Moskva və Kişinyov görüşü öncəsi Azərbaycan üçün əhəmiyyətlidir.

Paşinyan gündəliyi dəyişməyə çalışacaq:

– mümkündür ki, erməni baş nazir sərhədin delimitasiyası üçün öncə “təhlükəsizliyin təmin edilməsi” məsələsini masada aktuallaşdıracaq;

– “güzgü prinsipi”nin – orduların sərhəd xəttindən geri çəkilməsinin əhəmiyyətini irəli sürəcək;

– və bu gedişini Aİ-nin müşahidə missiyasının “səmərəli fəaliyyəti”nin təmin edilməsinin vacibliyi üzərindən etməklə Brüsselin dəstəyini qazanmağa çalışacaq.

Nikol Qarabağ və 8 kənd məsələsindən maksimum yayınmaq, bunu Kişinyov görüşünə saxlamaq və Fransanın dəstəyi ilə mövqeyini gücləndirmək cəhdi edə bilər. Ermənistan xüsusilə Türkiyədə hakimiyyətin dəyişə biləcəyi, Azərbaycanın əlinin zəifləməsi perspektivindən yararlanmaq imkanının yaranacağını düşünür.

Lakin rəsmi Bakı Kişinyov görüşünə tam razılıq verməyib və bu görüşün olub-olmaması Brüsseldən çıxacaq nəticədən, nə əldə edib-etməməyimizdən asılı olacaq./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password