Dövlət Xidmətindən ən sərt addım – İlk dəfə
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti bloklanıb. Qurum bunun həmin resursların informasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi səbəbindən olduğunu açıqlayıb. Maraqlıdır ki, son onilliklərdə, XRİTDX hətta XDMX daxilində olduğu dövrlərdə belə addımlar müşahidə etməmişəm.
Bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.
O bildirib ki, adətən XRİTDX dövlət qurumlarında İT audit aparıb, nöqsanlar tapandan sonra hansısa tövsiyələr verməklə işi bitmiş hesab edirdi:
“Bir çox dövlət qurumları da bu tip tövsiyələri icra etməyə elə də həvəs göstərmirdi. Fikrimcə, bu cür sərt addımların atılmasının iki əsas səbəbi ola bilər: XRİT Dövlət Xidməti yetərincə güclənib, yeni rəhbərlik komanda qarşısına daha sərt tələblər qoyub. Yəni XRİTDX bildirmək istəyir ki, tövsiyələrini icra etməyənlərə, sayğısızlıq edənlərə qarşı əvvəlki qaydada hörmət, yumşaq münasibət olmayacaq; son zamanlar dünyada artan kiber təhdidlər bu tip sərt addımlar üçün əsas olub.
Güman ki, XRİTDX hansısa dövlət resurslarını, dövlət məlumatlarını xaricdən ola biləcək kiber hücumla risk altına qoymaqdansa, elə özü onu bloklamağa üstünlük verib”.
Ekspert xatırladıb ki, qanuna görə, dövlət qurumları ictimai resurslara əlçatanlığı təmin etməlidir:
“Bu baxımdan ümid edirəm həmin qurumlar tez bir zamanda problemi aradan qaldıra biıəcəklər. İstənilən halda, inanıram ki, XRİTDX tərəfindən atılan bu addımlar ölkənin dövlət sektorunda kiber təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edəcək”.
Qeyd edək ki, informasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.