Kılıçdaroğlu onu “Həyatımın ən böyük layihəsi” adlandırdı – Ərdoğan isə onu illər əvvəl etdi
CHP sədri və Millət Alyansının ortaq prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Türkiyə ilə Çin arasında ticarət dəhlizi yaradacaqlarına söz verib.
Sosial media hesabında video paylaşan Kılıçdaroğlu “Tarixi İpək Yolunu canlandıracağıq. Türkiyəni Çinlə birləşdirəcəyik. Yeni ticarət dəhlizi açacağıq” deyib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlunun “İpək Yolu” vədi illər əvvəl prezident Ərdoğan tərəfindən həyata keçirilib.
“Akşam” nəşrində yer alan məqalədə qeyd edilir ki, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Ərdoğan müasir İpək yolu adlandırır. Həmin yolda 2 milyon 405 min tondan çox yük daşınıb.
Azərbaycanın paytaxtı Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Ahılkelek şəhərlərindən keçərək Qarsa gedən 829 kilometrlik dəmir yolu xətti sayəsində Avropa ilə Çin arasında yük daşımaları fasiləsiz təmin oluna bilir.
2017-ci il oktyabrın 30-da Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığı, Azərbaycan Prezidenti İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan xətt ölkənin dəmir yolu ilə xaricə açılan ticarət yoludur.
Sözügedən xətt sayəsində Londondan yola düşən qatar fasiləsiz Pekinə gedə bilir.
Dəmir yollarının funksiyasını gücləndirən xətt sayəsində Türkiyə dəmir yolu nəqliyyatında mərkəzə çevrilib.
Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə daha da əhəmiyyət kəsb edən Orta Dəhliz Türkiyəni Avropa ilə Asiya arasında ticarətdə əsas ölkəyə çevirdi.
Məqalədə qeyd edilir ki, Türkiyə koalisiyasının prezidentliyə ortaq namizədi Kılıçdaroğlu Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən xəbərsiz olduğunu bir daha sübut etdi.
Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu da Kılıçdaroğlunun “həyatımın ən böyük layihəsi” adlandırdığı Dəmir İpək Yolunun illər əvvəl həyata keçirildiyini açıqlayıb.
Türkiyədən Çinə qatar xidmətlərinin 2 ildir fasiləsiz davam etdiyini vurğulayan nazir Karaismailoğlu “Onların bəzi xəyalları bizim etdiklərimizə çata bilməz!” deyə fikrini yekunlaşdırıb.